Azərbaycan və Ermənistan nazirləri görüşüb

Azərbaycan və Ermənistan nazirləri görüşüb

Noyabrın 10-da Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun ATƏT-in Minsk qrupunun həmsədrləri (ABŞ-dan Endrü Şofer, Fransadan Bris Rökföy, Rusiyadan İqor Xovayev) və onların iştirakı ilə Ermənistan Xarici İşlər naziri Ararat Mirzoyan ilə görüşləri olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, bu, C.Bayramovun UNESCO-nun Baş Konfransında iştirak məqsədilə Parisə səfəri çərçivəsində gerçəkləşib.

Görüşlərdə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik iştirak edib: "Görüşlərdə bölgədə yaranmış yeni reallıqları nəzərə alaraq, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb".

Ceyhun Bayramovun Jan-İv Lö Drian ilə görüşü.

Ceyhun Bayramovun Jan-İv Lö Drian ilə görüşü.

Fransa xarici işlər naziri ilə görüş

Noyabrın 10-da Ceyhun Bayramov Fransa Respublikasının Xarici İşlər naziri Jan-İv Lö Drian ilə də görüşüb.

"Nazirlər ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparıblar", - XİN bildirir.

Məlumata görə, görüşdə Lö Drian Azərbaycana minaların təmizlənməsi prosesinə yardım etməyə hazır olduqlarını bəyan edib: "Həmçinin, Birinci Qarabağ müharibəsindən itkin düşən şəxslərin axtarışı ilə əlaqədar prosesin Fransa üçün əhəmiyyət kəsb etdiyi qeyd edilib. Nazir Lö Drian habelə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasının vacibliyini bildirib, ATƏT-in Minsk qrupunun bu xüsusda önəmli format ola biləcəyini vurğulayıb".

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Həmin vaxt Azərbaycan tərəfdən 16 min şəxsin həlak olduğu, 4 min şəxsin isə itkin düşdüyü bildirilir.

ATƏT-in Minsk qrupu uzun müddət münaqişənin sülhlə tənzimlənməsi üçün vasitəçilik edir.

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsi nəticəsində isə Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada yeni üçtərəfli bəyanat imzalanıb. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

 

AzadlıqRadiosu

Facebook