Azərbaycan "Terorçuluğa qarşı mübarizə haqqında” qanunu dəyişir

Azərbaycanda "Terorçuluğa qarşı mübarizə haqqında” qanuna dəyişiklik təklif edilir.

"Report"un xəbərinə görə, layihəyə əsasən "terrorçu" və "terror təşkilatı" anlayışları genişləndirilir.

Belə ki, "Terrorçu” dedikdə hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxs başa düşülür.

“Terror təşkilatı” isə hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və icraçı qismində iştirak edən, terror aktlarını hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirilməsinə bilə-bilə yardım göstərən terrorçu şəxslərin qrupu və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır.

Dəyişiklik layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.