Azərbaycan İslam Partiyası bəyanat verdi

Azərbaycan İslam Partiyası Müsəlman Birliyi hərəkatının sədri Taleh Bağırzadə və birliyin fəal üzvü Abbas Hüseynin Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qobustan qapalı tipli həbsxanasında ağır işgəncələrlə üzləşdikləri barədə məhbus ailələrinin verdiyi məlumatlardan çıxış edərək vicdan məhbuslarına qarşı yol verilən əməllərə etiraz bəyanatı yayıb.

 

AİP mətbuat xidmətindən daxil olan  bəyanatda deyilir: “ Dindar məhbuslara qarşı baş verən işgəncə halları məlumatlarının cəmiyyətdə yaratdığı ciddi narahatlıqları nəzərə alaraq bildiririk ki, hüquqi və demokratik inkişaf yolu tutmuş bir ölkədə məhbusların qeyri-qanuni rəftarlara, işgəncələrə məruz qalmaları heç bir ölçüyə və məntiqə sığmır. Penitensiar Xidmətin cəzaçəkmə müəssisələrində cəza çəkən insanların, xüsusən də cəmiyyətimiz üçün çox dəyərli din xadimlərinin fiziki zora, aqressiyaya məruz qoyulmaları dolayısı ilə dövlətə, dövlətçiliyə, ölkəmizin beynəlxalq imicinə qəsd kimi qiymətləndirilməli, bu əməli törədən ayrı-ayrı fərdlər vəzifəsindən və mövqeyindən asılı olmayaraq ciddi cəzalandırılmalı, insanlığa, şəxsiyyətə qarşı yolverilməz halların qarşısı qətiyyətlə alınmalıdır.

 

AİP bir daha bəyan edir ki, cəzaçəkmə müəssisələrində məhbus həyatı yaşayan insanlar, o cümlədən milli-mənəvi dəyərlərimizin daşıyıcıları olan ruhanilər bu ölkənin vətəndaşlarıdır və xalqımızın xidmətçiləridir. Bu gün xalqımızın içərisində qarşılıqlı düşmənçilik psixologiyası yayan, xalqı ayrı-ayrı qruplara və dəstələrə parçalayan ünsürlər düşmənlərimiz qarşısında xalqın birlik və həmrəylik prinsiplərini hakimiyyəthərisliklərinə qurban verirlər. Bu isə bizə gələcəkdə daha böyük bəlalardan xəbər verir. Torpaqlarımızın 20 faizinin, bərəkətli Qarabağ torpaqlarımızın düşmən tapdağında qaldığı indiki məqamda xalqa vətənpərvərlik duyğularını aşılayan insanların-din alimlərinin nəinki işgəncələrə məruz qalmaları, məhbəsdə saxlanmaları hesab edirik ki, yalnız yağı düşmənlərimizi sevindirər.”

Faktxeber.com