Azərbaycan əhalisinin sayı 10 milyona yaxınlaşıb

Natiq Cəfərli: “Statistika real deyil”

2017-ci ildə Azərbaycan əhalisinin sayı 88104 nəfər və ya 0,9 faiz artaraq 2018-ci il yanvar ayının 1-i 9 milyon 898 min 085 nəfərə çatıb.

Bu barədə Dövlət Statistika Komitəsinin ölkədəki demoqrafik durumla bağlı məlumatında deyilir.

Bildirilir ki, əhalinin ümumi sayının 52,9 faizi şəhər, 47,1 faizi kənd sakinlərinin payına düşür:

“Onların 49,9 faizi kişi, 50,1 faizi qadınlardır. 2018-ci il yanvarın 1-nə olan duruma görə, ölkə əhalisinin 4,6 faizi Naxçıvan Muxtar Respublikasında, 22,8 faizi Bakıda, 20,3 faizi Aran, 12,9 faizi Gəncə-Qazax, 9,4 faizi Lənkəran, 30,0 faizi isə digər iqtisadi rayonlarında yaşayıb. Bir kvadrat kilometrə düşən əhalinin sayı Bakıda 1057, Lənkəran iqtisadi rayonunda 153, Abşeron iqtisadi rayonunda 152 nəfər təşkil edib. Bu da ölkə üzrə orta göstəricidən (114) yüksəkdir”.

ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, açıqlanan statistik göstəricilərin düzgün olmadığını deyir:

“Rəsmi məlumata inansaq ölkə əhalisinin sayı 10 milyon nəfərə yaxın olub. Əhalinin isə təxminən 23 faizi Bakıda yaşayır. Sırf Bakıda olan əhalinin statistik göstəricisi real deyil. Ancaq rəsmi qeydiyyatda olanları Bakı sakini kimi qeyd edirlər. Başqa regionlarda qeydiyyatda olub Bakıda yaşayanların sayı, az qala elə rəsmi qeydiyyatda olanlar qədərdir. Məsələn, 2013-ci il prezident, 2015-ci ildə parlament seçkilərində imzatoplama zamanı gördük ki, regionlarda qeydiyyatda olan insanların sayı daha çoxdur”.

İqtisadçı deyir ki, son illər Bakının “yükü” artıb. Bunun da obyektiv səbəbləri var:

“İqtisadi aktivlik əsasən Bakı və Abşeron rayonunda cəmləşib. Əgər ölkə iqtisadiyyatının formalaşmasının 90-92 faizi bu bölgələrə təsadüf edirsə, Bakı büdcənin formalaşmasında azı 95 faiz iştirak edirsə, təbii ki, əhalinin sayı burda cəmləşəcək. Bu da disbalans yaradır”.

O qeyd edib ki, müstəqillik illərində iqtisadi gücün ölkə boyu yayılması mümkün olmadı.

“Azərbaycan kimi ölkənin indi ikinci (hətta üçüncü) milyonluq şəhəri olmalı idi. Məsələn, Gəncənin, Şəkinin, Lənkaranın milyonluq şəhər olması üçün potensialı var, lakin bu baş vermədi. Əksinə, Bakı və Sumqayıt az qala birləşdi, eybəcər, çox böyük “meqapolis” yarandı”.

Natiq Cəfərli Bakının “yükünün” azaldılmasının müxtəlif yolları olduğunu da söyləyir. Deyir, əsas yollardan biri budur ki, Bakıdan kənarda, ölkənin müxtəlif şəhərlərində böyük xarici universitetlərin nümayəndəlikləri açıla bilər. Bu həm də iqtisadiyyat yaradan bir addım olardı:

“Həmçinin əhalinin həmin bölgələrdə qalmasına səbəb olardı. İkinci bir inzibati addım ondan ibarət olardı ki, ölkənin rəsmi dövlət və idarələri bölgələrə köçürülə bilər. Bu üsul artıq Gürcüstanda həyata keçirilib və 2013-cü ilə qədər paytaxt Tiflisdə yerləşən Gürcüstan parlamentinin binası artıq 3 ildir ki, paytaxtdan 230 km uzağa - Kutaisi şəhərinə köçürülüb. Nədən bu üsul bizim ölkəmizdə təcrübə olunmasın, nədən bəzi nazirliklər, dövlət idarələri, Ali Məhkəmə, Konstitusiya Məhkəməsi regionlara köçürülməsin?! Yəni inzibati qaydada Bakının “yükünün” azaldılması mümkündür”.

O hesab edir ki, təbii qaydada isə regionların iqtisadi gücünü artırmaq lazımdır.

“İnsanların yerlərdə işləməsi üçün şərait yaradılmalıdır, bölgələrə geri axın baş tutsun. Bölgələrin iqtisadi cəlbediciliyi yox səviyyəsindədir. Bu indiki hökumətin ən böyük uğursuzluqlarından biridir. Regionların inkişafı ilə bağlı 3 proqram qəbul edilib, milyardlarla manat xərclənib, nəticədə isə regionların büdcənin formalaşmasında payı hələ də 5%-ə çatmayıb. Regionların inkişafı ancaq hər rayonda mərkəzi küçələrin təmiri, parkların salınması ilə nəticələndi. Yəni, əlavə dəyər yaradan ciddi layihələr baş tutmadı, camaata iqtisadi sərbəstlik verilmədi, icra başçıları yerli xancıqlara çevrildilər, bu da əhalinin Bakıya axınının əsas səbəblərədn biri oldu”.

N.Cəfərli deyir ki, Bakının rayonlarının icra başçılarının, lap elə Bakı şəhər İcra başçısının belə siyasi-içtimai-iqtisadi həyatda rolları çox kiçikdir.

“Məsələn, istənilən regionda, istənilən rayonun sakini öz icra başçısının adını əzbərdən bilir, üzdən tanıyır. Amma, məsələn, Bakının Nəsimi rayonunun sakinlərinin əksəriyyəti öz rayonlarının icra başçısını heç tanımırlar da, küçədə üzbəüz gəlsələr, bilməzlər ki, bu icra başçısıdır".

meydan.tv