Azərbaycan Dünya Bankından 400 mln. dollar həcmində kredit və qrant aldı

Dünya Bankı 2017-ci ilin maliyyə ili ərzində (2016-cı il iyulun 1-dən 2017-ci il 30 iyunadək) Azərbaycana ayrılan 400,25 mln. dollar həcmində kredit və qrantı təsdiqləyib. Bu barədə “İnterfax” agentliyinə bankdan məlumat verilib.

“2016-cı ilin maliyyə dövrü ərzində Azərbaycana ayrılan kredit və qrantların həcmi 207 milyon dollar olubsa, bu il üçün bu göstərici 400,25 milyon dollar təşkil edəcək“, - deyə məlumatda vurğulanıb.

Qeyd edək ki, ayrılan kreditin 400 mln. dolları “Cənub Qaz Dəhlizi” layihəsinə, 0,25 mln. dollarlıq qrant isə 2017-2022-ci illər ərzində insan resursları və İKT sahəsində potensialın artırılması ilə bağlı məsələlərin həllinə yönəldiləcək.

Xatırladaq ki, ümumilikdə 2013-2017-ci illər ərzində Dünya Bankı tərəfindən Azərbaycana 1 mlrd. 238,25 mln. dollar kredit ayrılıb.