Azərbaycan bütün qızıl ehtiyatlarını satıb

Azərbaycan bu ilin fevral ayında rəsmi qızıl ehtiyatlarının geri qalan 18 tonunu da satıb. 

Bu barədə Ümumdünya Qızıl Şurası (World Gold Council) məlumat yayıb. 

Şuranın avqustun 1-də yenilədiyi dünya ölkələri üzrə rəsmi qızıl ehtiyatlarının statistikası hesabatına görə, Azərbaycan qlobal reytinqdə yer almayıb. 

 
 
 
 

 Yanvar ayında Azərbaycan 18 ton rəsmi qızıl ehtiyatlarına sahib olub və qlobal reytinqdə 63-cü sırada yer alıb. Ümumdünya Qızıl Şurasının hesabatına görə, Azərbaycan rəsmi qızıl ehtiyatlarını 2016-cı ilin sentyabr ayından etibarən satmağa başlayıb. Belə ki, sentyabr ayında satış həcmi 1 ton, oktyabrda 4,2 ton, noyabrda 3 ton, dekabr 2 ton, cari ilin yanvarında 2 ton və fevralda 18 ton təşkil edib. Yəni, Azərbaycan 6 ay ərzində bütün qızıl ehtiyatlarını satıb. 

ARDNF martın 10-da Ümumdünya Qızıl Şurasının Azərbaycanın qızıl ehtiyatlarını satması ilə bağlı yaydığı məlumatın doğru olmadığını açıqlayıb. 

Qurumdan "Report”a ARDNF tərəfindən alınmış qızılın ümumi miqdarının 30,2 ton təşkil etdiyi bildirilib: "Alınmış qızıl Azərbaycana gətirilərək, saxlanması üçün Azərbaycan Mərkəzi Bankında yerləşdirilib. Ötən ildən etibarən qızılın ehtiyatda saxlanılması üçün AMB-nin xəzinəsindən hissə-hissə ARDNF-in xəzinəsinə köçürülməsinə başlanılıb. Fondun qızıl ehtiyatlarını satması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil. Hazırda Fond tərəfindən qızıl ehtiyatlarının satılması nəzərdə tutulmur".