Azər Qasımlı: "İstərdim ki, Lapşin sərt formada cəzalandırılmasın"

İyulun 6-da Azərbaycanda həbsdə olan blogger Aleksandr Lapşinin cinayət işi üzrə növbəti məhkəmə prosesi baş tutub. 

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

Məhkəmə zalına İsrail və Rusiya səfirliklərinin əməkdaşlarından başqa heç kəs buraxılmayıb. 

Prosesdə 3 məcburi köçkün şahid qismində ifadə verib.

REAL hərakatının idarə heyətinin üzvü politoloq Azər Qasımlı hesab edir ki, Lapşinin sərt cəzalandırılması məqsədə uyğun deyil. Onun sözlərinə görə, blogger cərimə edilib buraxılsa bu, daha doğru olar: 

 “Biz ilk öncə məhkəmənin son qərarını gözləməliyik. Mənim özümə gəldikdə isə istərdim ki, Lapşin sərt formada cəzalandırılmasın. Hesab edirəm ki, bu daha məqsədə uyğun olar. Lapşini cərimə edib buraxsalar daha yaxşı olar, biz bununla humanistiliyimizi də göstərə bilərik”

Azər Qasımlının Rakurs TV-ə bildirdiyinə görə, Lapşinin Azərbaycan qanunlarını pozduqdan sonra bu formada cəzalandırılması gələcəkdə belə addım atmaq istəyənlərə dərs olacaq: 

“Azərbaycanın ərazi bütüvlüyünü tanımayıb, ölkəmizin qanunlarını pozan, Azərbaycana xəbardarlıq etmədən Qarabağa səfər edən bir şəxsin bu formada cəzalandırılması gələcəkdə belə addım atmaq istəyənlərə bir dərs olacaq. Bu fakt bizim Qarabağ davamız cəhəddən çox önəmlidir. Məhkəmədə hansı qərarın çıxıb-çıxmaması mənə önəmli deyil. Əsas olan bu hadisə idi. Lapşin özü gördü ki, Azərbaycanın qanunlarıyla, mənliyi ilə bu formada oynamaq olmaz." 

Xatırladaq ki, İsrail, Rusiya və Ukrayna vətəndaşlığını daşıyan A. Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri üzrə ittiham olunur. O, Azərbaycan Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaqı aparılan cinayət işi üzrə beynəlxalq və dövlətlərarası axtarışa verildikdən sonra 2016-cı il dekabrın 15-də Belarus Respublikasının hüquq-mühafizə orqanları tərəfindən Minskdə saxlanılıb. 2017-ci il fevralın 7-də Azərbaycan Respublikasına ekstradisiya edilib.