Azadlıq və sərbəstlik haqqında

Azadlıq. Etiraf etmək lazımdır ki, çox şirin kəlmədir. Bu sözü eşidən adamda ixtiyarsız olaraq xoş duyğular yaranır. Azadlıq o sözdür ki, haqqında hələ də cild-cild kitablar yazılır, filosoflar, yazıçılar, siyasətçilər ağızdolusu danışır. Son 250 ildə isə bu mövzunun əhəmiyyəti, aktuallığı daha da artıb. Əgər əvvəllər insanların yalnız vəzifələri var idisə, intibah dövründən başlayaraq insan haqları gündəmə gəldi. Və təbii ki, insanın ən böyük haqqı onun azadlığıdır. Amma nə var ki, fəlsəfi diskurslarda min illərdir dartışılsa da, Sokratdan İbn Rüşdə, Kantdan Rasselə filosoflar açıqlamağa çalışsa da, heç cür konkret, birmənalı tərif vermək mümkün olmayıb azadlığa. Əksinə, bəzən tamamilə bir-birinə zidd təriflər verilib. Əslində bu, bütün fəlsəfi məfhumların özəlliyidir. Dəqiq təriflər vermək olmur. Ölçüləbilmələri üçün konkret meyarlar olmadığından kimin nə qədər azad, ədalətli, əxlaqlı olduğunu müəyyənləşdirmək çətin, bəzi hallarda mümkünsüzdür. Məsələn, dünyanın harasında yaşamasından asılı olmayaraq, hər kəsin “avtomobil nədir” sualına cavabı aşağı-yuxarı eynidir: “Dörd təkərli, insan tərəfindən idarə olunan, metaldan ibarət avtonəqliyyat vasitəsi”. Amma həmin insanlardan “azadlıq, yaxud mədəniyyət nədir”, - deyə soruşsaq, fərqli-fərqli cavablar eşidəcəyik. Çoxu heç öz fikrini izah da edə bilməyəcək. Çünki təsəvvür edə bilmir, insanın təsəvvür edə bilmədiyi şeyi təsvir etməyə çalışması çətindir. Bu anlayışlar barədə hər bir toplumda qəbul edilmiş ümumi standartlar var ki, bu standartları da əksər hallarda mövcud siyasi quruluş, təhsil səviyyəsi, din, mədəniyyət kimi amillər formalaşdırır.

Azadlıq və sərbəstlik

Azərbaycan dilində “azadlıq” və sinonimi kimi “sərbəstlik” sözündən istifadə olunur. Bu sözlər adətən yanaşı işlədilir. Yazarlar təkrar olmasın deyə, bir dəfə “azadlıq” yazanda növbəti dəfə “sərbəstlik” sözündən istifadə edirlər. İlk baxışda belə təəssürat yaranır ki, azadlıq və sərbəstlik tam mənada bir-birini əvəz edirlər, lakin bu, ilk baxışda – zahiri plastda yaranan təəssüratdır. Alt qatlara endikcə isə fərqli anlamlara gəldikləri üzə çıxır. Çünki hər bir sözün keçdiyi özünəməxsus inkişaf yolu var, sözlər bu inkişafla cilalanır, təkmilləşir, nəticədə min illik kollektiv təhtəlşüuru özündə cəmləyən spesifik mahiyyət qazanır. Bu baxımdan hər bir fəlsəfi məfhum orginaldır, xüsusidir, təkrarsızdır. Ona görə, heç vaxt “azadlıq” “sərbəstlik”, “həqiqət” isə “reallıq” və yaxud “gerçəklik” ola bilməz. Yeri gəlmişkən, ingilis dilində işlədilən “liberty” sözü dilimizə yanlış olaraq “azadlıq” kimi tərcümə olunur. Bu sözün doğru qarşılığı “sərbəstlik”dir. “Azadlıq”a isə daha çox “freedom” uyğun gəlir.

İndi isə gələk azadlığa...

Azadlıq sərbəstlikdən daha ali keyfiyyətdir, maraqlarımıza zidd olsa belə, bəzi şeylərə sırf yanlış olduğu üçün “yox” deməyi bacarmaqdır. Vicdanın səsini dinləyib sistemə, siyasi quruluşa, yuxarı vəzifəli şəxsə qarşı çıxa bilməkdir. Siravi polis işçisi rəisinin ona verdiyi işgəncə əmrinə tabe olmursa azaddır. Çünki insan onsuz da istədiyini etməkdə sərbəstdir. Məhəllə tinində duran “qaqaş” yoldan keçənlərə söz atmaqda sərbəstdir, məmur səlahiyyətlərindən sui-istifadə etməkdə sərbəstdir, taksi sürücüsü qiymətləri bilməyən turisti aldatmaqda sərbəstdir. Biz bu insanları ona görə qınayır, mühakimə edirik ki, onlar öz seçimlərini heç bir məcburiyyət olmadan, şüurlu və sərbəst şəkildə ediblər. Əgər onların yerində hər hansı uşaq, yaxud əqli xəstəliyi olan biri olsaydı, ittihamlarımıza tuş gəlməzdi.

Azadlıq insanın hər istədiyini edə bilməsi yox, daha ali dəyərlər uğrunda cılız maraq və istəklərindən vaz keçməyi bacarmasıdır. “Başqalarının xoşbəxtliyi üçün öz arzularına sərhəd qoymaq” – Soljenitsin belə deyirdi.  Bunun üçün heç də böyük fədakarlıqlar axtarmağa ehtiyac yoxdur. İçdiyi suyun boş butulkasını çantasında gəzdirən bir insan təsəvvür edin. O, ətrafda heç kəsin olmamasına baxmayaraq, çətin olanı seçir - zibil qutusu axtarır, küçənin təmizliyini qorumaq üçün. Su butulkasını yerə atmaqda sərbəstdir, amma azad olduğuna görə sərbəstliyindən istifadə etmir. Azadlığını qoruyur. Azad insanın sərbəst insandan fərqi ondadır ki, o, öz iradəsi ilə istədiyini yox, doğru olanı edir. Doğrunu etmək üçün isə vicdanlı olmaq lazımdır. Deməli, azad insan həm də vicdanlı insandır.

“Pulun qədər azadsan”

Dostlardan biri “facebook”da belə yazmışdı. Bu fikri “gücün qədər, yaxud səlahiyyətin qədər azadsan” kimi də ifadə etmək olar. Doğrudanmı belədir? Bu fikri qəbul etsək, o zaman onu da qəbul etməliyik ki, insan pulunu, gücünü, səlahiyyətini itirsə, təbii olaraq, azadlığını da əldən vermiş olacaq. Mən isə bununla razılaşmaq istəmirəm. İnsan azaddır, onu azadlıqdan məhrum etmək mümkün deyil. Həbsxanalar belə, insanın azadlığını əlindən almır, sadəcə sərbəstliyini məhdudlaşdırır. İnsan yalnız(!) özü imtina etdiyi halda azadlığını itirə bilər. Bunun üçün onu inandırmaq lazımdır ki, azadlıq (freedom) naminə imtina etməli olduğu sərbəstliklər (liberty) əslində azadlıq deməkdir. Növbəti ulduzu paqonlarında görmək üçün daha sərt, daha qəddar olmalıdır? - Olar. Yalandan şahidlik etməyi lazımdır? - Təki rəis razı qalsın. Pul qazanmaq üçün əclaflıqmı etməlidir? - Buna ki dünəndən razıdır. Bəli, bütün bunları hər bir insan edə bilər, sərbəstdir. Amma bu sərbəstlikdən yararlanmaq azadlığı itirmək hesabına başa gələcək. Diqqət edin: Biz azadlıqdan danışarkən "itirmək", "əldən vermək" felindən istifadə edirik. Yəni, bizim azadlığımız var, sadəcə onu qorumaq, saxlamaq lazımdır. Və əslində pulun, gücün, səlahiyyətin insana verdiyi sərbəstlikdir, azadlıq yox. Azadlıq üçün isə Mandelanın sözləri ilə desək “səmanı satın almağa ehtiyac yoxdur, ruhunu satma yetər”.

Müəllifin məqalələri: