"Azadlıq" qəzeti haqda məhkəmə qərarı dəyişmədi

Dekabrın 6-da Bakı Apelyasiya Məhkəməsi Şirin Abdullayevin "Azadlıq" qəzetinə qarşı iddiası üzrə çıxarılan qərardan hər iki tərəfin şikayətini rədd edib.
 
Bu haqda AzadlıqRadiosuna azadlıq.info saytından bildiriblər.
 
Sözügedən məhkəmə işi azadliq.info saytında dərc edilən "Jurnalistin üzünə duran "bandotdel" rəisinin dostu imiş" başlıqlı yazı ilə bağlıdır. Həmin yazı Fikrət Fərəməzoğlunun məhkəmə prosesindən hazırlanıb. Həbsdəki jurnalist F.Fərəməzoğluyla bağlı açılmış cinayət işində şahidlərdən Ş.Abdullayev həmin yazıda nüfuzunun aşağılandığını iddia edir.
 
İddiaya ilkin mərhələdə Yasamal Rayon Məhkəməsində baxılmışdı. Məhkəmə iddianı qismət təmin etmiş, qəzetin üzərinə həmin yazıda sözügedən şəxslə bağlı fikirləri təkzib etmək vəzifəsi qoymuşdu.
 
Hər iki tərəf qərardan şikayətçi idi. "Azadlıq" iddianın ümumiyyətlə, rədd edilməsini, iddiaçı isə qəzetin ona maddi və mənəvi təzminat əvəzi olaraq 10 min manat ödəməsini istəyirdi.
 
Apelyasiya şikayətlərinə İsmayıl Vəliyevin sədrlik etdiyi məhkəmə heyəti baxıb. Məhkəmə hesab edib ki, Yasamal Rayon Məhkəməsinin qərarı ədalətli olub. Şikayətlər rədd edilib.
 
"Azadlıq" qəzetindən bildiriblər ki, qərarla razı deyillər. Ali Məhkəməyə kassasiya şikayəti veriləcək. Ş.Abdullayevdən isə kassasiya şikayəti verib-verməyəcəyini öyrənmək mümkün olmayıb.
 
Sözügedən iddia üzrə məhkəmə çəkişməsi yayda başlayıb. Yasamal Rayon Məhkəməsi avqustun 23-də iddianı qismən təmin etmişdi.
 
"Azadlıq" qəzeti ötən ildən maddi və başqa problemlər üzündən çapını dayandırıb.
 
Bir neçə il əvvəl qəzetin baş redaktoru Qənimət Zahid, bu ilin əvvəlində isə qəzetin redaktoru Rahim Hacıyev Avropaya mühacirətə gedib.
 
"Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirli isə həbs olunub. Ötən il avqustun 20-də saxlanan F.Əmirli Cinayət Məcəlləsinin 213.1 (xeyli miqdarda vergidən yayınma) və 283.2.2 (qulluq mövqeyindən istifadə etməklə milli, irqi, sosial və ya dini nifrət, düşmənçiliyin salınması) maddələri ilə ittiham edilib. O, məhkəmənin qərarı ilə 3 il 3 ay həbs cəzası alıb. Bu il sentyabrın 15-də o, şərti azadlığa buraxılıb.
 
Bu ilin aprelində məhkəmə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tələbilə qəzetin azadliq.info ünvanındakı saytını da bloklamaq barədə qərar çıxarıb. Sayta indi yalnız ölkə xaricindən giriş mümkündür.