Azadlığın transkripti...

Payız günəşi bir özgə olur. Əvvəla, yay günəşi kimi yandırıb, tərlətmir, adamda qıcıq yaratmır. İkincisi, işvəkar və nəvazişli olur. Ev tulası sahibini görəndə üstünə atılıb, mehribanlıqla əlini, ayağını yalayıb, şirin kürlük eləyən kimi, payız günəşi də adamın bütün varlığına ilıq sığal çəkir, tumarlayır. Üçüncüsü, adama gizli inam hissi təlqin eləyir. Park və bağlardakı erkən yazı xatırladan göy otların üstündən zəif işıq seli kimi keçib, ətrafa yayılanda adamın qəlbində yorğun, amma sonsuz xoşbəxtlik (sərməstlik də demək olar) hissi yaranır.

***

Xeyli vaxtdı Qobustan həbsxanasının həyətində bir dəstə hinduşqa dolaşır. Səs-səsə verib qaqqıldaşa-qaqqıldaşa o baş-bu başa gedirlər. Arada bir də görürsən hansısa dustaq əlində çubuq, Allah bilir neçəncisə korpusun (dustaqların saxlandığı yer) yanından qatıb qabağına gətirir, nə olsun heyvandılar, axı onların da sərhədləri var. Bu gətirmə bəzən otarmağa da oxşayır, nəbilim. Bir dəfə müştərinin uzun sürən vəkilə gətirilmə prosesini gözləyəndə tənbəllik eləməyib saydım da - 19 gəldi. Belə deyirlər ki, həbsxana rəisinin quşlarıdır, saxladır, yəqin ki, gözəl günlərin birində - bu gözəl gün əksəriyyətin ehtimal elədiyi kimi, qarın yerə düşməsiylə gələ bilər -  kababa çəkib, nar dənəciklərinin müşayiətilə süfrəyə veriləcək. Başqa bir ehtimal təbii ki ağla və məntiqə uyğun gəlməzdi. Amma sözüm bunda deyil. Hinduşqa saxlayanlar bilir, bu çox dadlı əti olan quşu becərməyin əsas şərtlərindən biri geniş otlaq sahəsinin olmasıdır, çünki əvvəla, hinduşqa sərbəstliyi sevir, ikincisi, otlaq sahəsi böyük olanda çəkisi tez və yaxşı artır. Xatırlayıram, uşaq vaxtı bir dəstə hinduşqanı biçilmiş otlaq sahələrində ora-bura qovardıq. Ən məzəlisiysə hinduşqaların çəyirtkə ovuna çıxmasıydı. İri çəyirtkəni, ya da palıd qozasını udanda gözləri az qalırdı hədəqəsindən çıxa. Yəni, dediyim odur ki, hinduşqa saxlamaq fikrinə düşmüsənsə, ancaq otarmağa yerin-yurdun, sərbəst buraxmağa sahən yoxdursa, yaxşısı budur bu işlə məşğul olmayasan, başın buraxasan. İndi ölkənin ən ağır rejimli həbsxanasında hinduşqa saxlamaq kimi şən və al-əlvan ideyanın ağıla gəlməsi maraq doğurur, hərçənd insafən Qobustanın həyəti cəzaçəkmə müəssisələri içində gördüyüm ən böyük həyətdir. Nəsə. Təxminən bir neçə həftənin söhbətdi. Dustaq korpusuyla həbsxananın inzibati binası arasındakı açıq sahədə zəif payız günəşinin parıldatdığı göy otları tez-tez qırpıb, acgözlüklə udan hinduşqalar qaqqıldayır, həbsxananın sakit həyatına səs-küy salırdı. Enli döşlü, boynundakı qırmızı mərcanlar (dəri fırları) gərginləşmiş, mahmızlı ayaqlarının iti caynaqlarını torpağa möhkəm dirəmiş erkək hinduşqa qanadların yana, quyruğunu arxaya yelpik kimi açıb, dişi - fərə hinduşqanın böyründə tamamilə azad, ehtiraslı, amma lovğa bir ədayla dövrə vururdu. Fərə hinduşqasa bir az utancaq halda itaətkarcasına başını yana əyib, sadəlövhlüklə erkəyin gərdişinə baxırdı. Və bu tərtəmiz azadlıq performansı ölkənin ən dəhşətli həbsxanasında, əhənglə səliqəylə ağardılmış divarların qəddar yaddaşı və qara paltarda, bağlanmamış əlləri arxada o yan-bu yana gedən dustaqların fonunda yeganə canlı həyat əlaməti kimi təsir bağışlayırdı...

***   

Kim bilir, bəlkə elə azadlığın transkripti budur: ölkənin ən ağır həbsxanasında günəşli payız günlərinin birində sıx qara tüklə örtülmüş enli döşlü, boynundakı qırmızı mərcanları gərginləşmiş, iti caynaqlı ayaqlarını torpağa möhkəm dirəmiş erkək hinduşqanın qanadlarını yana, quyruğunu arxaya yelpik kimi açıb, fərə hinduşqanın böyründə tamamilə azad, ehtiraslı, amma lovğa bir ədayla dövrə vurması...

Müəllifin məqalələri: