Ayətullah Xamenei hacılara müraciət etdi

Ayətullah Xamenei Həcc ziyarətinə gedəcək zəvvarlara öz tövsiyələrini verib

Rakurs TV-nin məlumatına görə, İranın ali lideri Ayətullah Xamenei hər il olduğu kimi bu il də Həcc ziyarətinə gedəcək zəvvarlara öz tövsiyələrini verib. Ali liderin çıxışını olduğu kimi təqdim edirik:

"Bismillahir-rəhmanir-rəhim. Aləmlərin Rəbbinə şükürlər olsun; Allahın salamı peyğəmbərlərin sonuncusu Həzrəti Məhəmmədə, məsum imamlara və dəyərli səhabələrin üzərinə olsun. Həcc ziyarətini yerinə yetirmək səadəti bu il də dünyanın müxtəlif yerlərindən olan möminlərə nəsib oldu. Onlara bu feyz mənbəyindən istifadə etməyi, hər saatı qənimət saymağı, möcüzəvi bir iksir kimi qəlbləri dəyişdirən və ruhları təmizləyib zinətləndirən bu mübarək günlər və gecələrdə Allahın əzəmətli evi yaxınlığında ibadət və zikr ilə məşğul olmağı nəsib edən Allaha şükürlər olsun. Həcc, bır sıra sirlərə malik ibadətdir və Allahın uca evi də ilahi bərəkətlərlə dolu və Haqq Öz ayə və dəlillərini nazil etdiyi məkandır. Bu fərzin mənəvi və siyasi tərəfi ilə fərdi və ictimai tərəfi çox aydındır. Müsəlman cəmiyyətlərin bu gün həccin hər iki tərəfinə ehtiyacı var.

Zalım rejimlər İslam ölkələrini cəhənnəmə çevirmək niyyətindədirlər

Günümüzdə bir tərəfdən materializmin sehri müasir vasitələrlə kütlələri aldadıb məhvə sürükləməkdə və digər tərəfdən də zalim rejimlərin siyasətləri müsəlmanlar arasında fitnə salıb müharibələr yaradaraq, İslam ölkələrini təhlükəsiz və münaqişələrlə dolu bir cəhənnəmə çevirmək niyyətindədirlər. Həcc, İslam ümmətinin başına gələn hər iki böyük bəlaya şəfa olan dərmanı verə bilər. Həm könülləri bu pisliklərdən təmizləyərək təqva nuru və mərifətlə işıqlandırmaq, həm də gözlərin İslam dünyasının acı həqiqətlərini görməsinə, səbəb ola bilər. Hazırda İslam dünyası tamamilə əmniyyətsizlik içərisindədir. Əxlaqi, mənəvi və siyasi etibarsızlıq var. Bunun əsas amili, qəflət və düşmənlərin qəddar hücumudur. Bizlər düşmənin hücumu qarşısında dini və əqli vəzifəmizi yerinə yetirməmişik. Həm "kafirlər qarşısında şiddətli" həm də "öz aranızda mərhəmətli" davranma prinsipimizi unutduq. Bunun nəticəsində sionist düşmən, İslam dünyası məkanının qəlbində fitnə-fəsadlarını davam etdirib və bizləri əsas vəzifəmiz olan Fələstinin azad edilməsi mövzusunda qəflətə salıb. Və Suriya, İraq, Yəmən, Liviya, Bəhreyndə ölkə daxili müharibələrlə, Əfqanıstan, Pakistan və digər bölgələrdə terrorizmlə mübarizəylə başlarını qatır.

İslam dünyasındakı siyasi, mədəni və dini elitaların çiyinlərində ağır vəzifələr var

İslam ölkələrinin liderləri ilə İslam dünyasındakı siyasi, mədəni və dini elitaların çiyinlərində ağır vəzifələr var: Vəhdəti təmin etmək, xalqları məzhəb çəkişmələrindən uzaq tutmaq, millətləri imperializm, sionizmin xəyanətləri və düşmənçilik üsulları qarşısında məlumatlandırmaq, xalqların çətin və yumşaq müharibənin müxtəlif sahələrində düşmənə qarşı mübarizə aparması üçün lazımi təchizatla təmin etmək. Müsəlman ölkələrində davam etməkdə olan faciələri təcili olaraq dayandırmaq. Xüsusui ilə Yəmən və digər müsəlman ölkələri buna bariz nüumunədir. Myanmarda və başqa ölkələrdə olan məzlum müsəlman azlıqları ciddi müdafiə etmək lazımdır. Və hamısından da əhəmiyyətlisi Fələstini müdafiə edib qorumaq və yetmiş ilə yaxın müddətdir qəsbə məruz qalmış ölkələri üçün mübarizə aparan bir millətə kömək etmək lazımdır. Bu ağır vəzifələr hamımızın çiyinlərindədir. Millətlər, bu vəzifələri ölkələrindəki dövlətlərdən tələb etməli, ziyalı təbəqə də sarsılmaz iradə və xalis niyyətlə bu məqsədin həyata keçirilməsi üçün səy göstərməlidir. Bu vəzifələr, Allah dininin mütləq qələbəsini müjdə verən addımlardır və şübhəsiz, ilahi vəd - Allah qələbə vədini yerinə yetirəcəkdir. Bəyan edilən bu vəzifələr, həccin təqdim etdiyi nəticələrdən bəziləridir və bu dərslərin düzgün başa düşülməsi və yerinə yetirilməsi lazımdır. Hamınızın həcci qəbul olsun. Mina və Məscidul-Həram şəhidlərini yad edir və onlar üçün Rəhim və Kərim olan Allah yanında ülvi dərəcələr arzulayıram. Allahın salam və rəhməti üzərinizə olsun".