EURO : 1,9389 TRY : 0,2479 USD : 1,7 RUB : 0,024
AYİB Azərbaycanla beş illik stratejianı təstiq edib

AYİB Azərbaycanla beş illik stratejianı təstiq edib

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycan üçün növbəti 5 il ərzində yeni strategiyanı təsdiq edib.

Qeyri-neft sektorlarında özəl sektorun inkişafı, özəl və dövlət şirkətlərinin idarəetməsini gücləndirməsi, yerli bank və qeyri-bank təşkilatlarında kreditləşdirməni stimullaşdırması, yerli bizneslərin maliyyə vəsaitlərinə çıxışının genişləndirilməsi, həmçinin yaşıl iqtisadiyyatın dəstəkləməsi strategiyanın prioritetləri kimi müəyyənləşdirilib.

Əvvəlki illərdə AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb və müxtəlif sektorlara təxminən €3.3 milyard investisiya qoyuluşu edib.

İqtisadçı Natiq Cəfərli qeyd edir ki, yeganə AYİB-ın gözlə görünəcək dəstəyi infrastruktur layihələr idi, əsasən də enerji sahəsində. Amma qeyri-neft və özəl sektorda ayrılan vəsaitlərin geri dönüşünün və iqtisadiyyata daha artıq hansısa bir formada dəstək saxladığını görmək olmur.

İqtisadçı hesab edir ki, bunun səbəbi Azərbaycanda özəl sektor adı altında ayrılan vəsaitin, özəl sektoru adı altında yönəldirilən şirkətlərin çoxusu oliqarxlara məxsusdur. "Formal olaraq vəsaitlər doğru istiqamətləndirilib, yəni kreditlər şəklində özəl sektora verilib, amma iri holdinqlər məmurlara və yüksək vəzifəli insanlara məxsusdur. Ona görə də vəsaitin ayrılmasının ciddi effekti olmayıb və qeyri-neft sektorunda ciddi əlavə dəyərin yaradılmasında rolunu heç kəs görməyib".

Ekspertin sözlərinə görə, Avropa Yenidənqurma və İnkişaf Bankı özü belə Azərbaycanda qeyri-neft sektorunda bir uğurlu layihəsini göstərə bilməz. Yeganə uğurlu sayıla biləcək layihə bank sektorundan müəyyən faiz aktivlərin alınmasıdır ki, bu da idarəetmədə iştirakı üçün rutin bir prosedurdur.

Cəfərli gələn beş ildə də bankın ayrılan vəsaitlə Azərbaycan iqtisadiyyatı üçün uğurlu layihələrin həyata keçirilməsinə inanmadığını deyib. "Əgər idarəetmədəki yanaşma dəyişdirilməsə, vəsaitin şəffaf xərclənməsilə bağlı problemlər həll olunmasa, bu günə qədər işləyən sxemlər və mexanizmlər işləyəcək".

Ekspert çıxış yolunu AYİB-ın məsələyə məsuliyyətli yanaşmasında görür. O, hesab edir ki, vəsaitlərin şəffaf şəkildə ayrılması ilə bağlı həm sivil toplumla, həm media ilə bankın sıx əməkdaşlığı olmalıdır.

Qeyd edək ki, rəsmi Bakı Azərbaycanın AYİB ilə əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu bəyan edir, bankla özəl sektor arasında əlaqələrin inkişafının, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Sahibkarlığın İnkişafı Fondu ilə əlaqələrin qurulmasının AYİB-lə əməkdaşlığın genişləndirilməsində əhəmiyyətli olacağını bildirir.

Azərbaycanın Avropa Yenidənqurma və İnkişaf Bankla əməkdaşlığı XX əsrin 90-cı illərdən başlayıb.

Facebook