AXCP və Milli Şura piket keçirəcək

Oktyabrın 8-də saat 12-də Milli Şura və Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında sərbəst toplaşmaq hüququnun bərpası ilə bağlı etiraz aksiyası keçirəcək.
 
AXCP sədri Əli Kərimli bildirib ki, aksiyada AXCP və Milli Şuranın fəlalları iştirak edəcək.
 
"Biz Bakı Şəhər İcra Hakimiyyətinə məktub təqdim edib, sərbəst toplaşmaq haqqımızı tələb edəcəyik. Sərbəst toplaşmaq azadlığının təmin edilməsi bütün problemlərin açarıdır. Etirazımızı bildirmək hüququmuzu təmin etmək üçün sərbəst toplaşmaq azadlığı lazımdır," - o qeyd edib.
 
Milli Şuranın sentyabrın 28-də mitinq keçirmək barədə xəbərdarlıq məktubuna Bakı Şəhər İcra Hakimiyyəti qanedici cavab verməyib.
 
Belə ki, Milli Şuranın mitinq keçirmək üçün paytaxtın mərkəzi hissələrində təklif etdiyi 3 yerdən heç birinə Bakı Şəhər İcra Hakimiyyəti müsbət cavab verməyib. İcra hakimiyyəti aksiyanın şəhərdən kənardakı Lökbatan qəsəbələrdə keçirilməsini təklif edib.
 
Milli Şura icra hakimiyyətinin təklifini qəbul etməyib, mitinqin paytaxtın mərkəzi hissəsindəki meydanlardan birində keçirəcəyində israrlı olduğunu bildirib.
 
Bu il yanvarın 19-da Milli Şuranın keçirdiyi mitinqdən sonra ölkədə hər hansı siyasi təşkilatın kütləvi aksiya keçirməsinə razılıq verilməyib.
 
Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuranın 5-dən çox aksiyasını münasib saymayıb.
 
Qurum bunu Milli Şuranın son mitinqində qanunvericiliyin tələblərinin pozulması və aksiyanın keçirildiyi ərazidən vətəndaşların şikayəti ilə izah edib.
 
Onda aksiya Bakının Yasamal rayonundakı " Məhsul” stadionunda keçirilmişdi. Bu yaxınlarda həmin stadionda təmir işlərinə başlanıb.
 
Milli Şura isə Bakı şəhər İcra Hakimiyyətinin cavablarını bəhanə adlandırıb.