AXCP üzvünə qarşı cinayət işi başlayıb

AXCP üzvünə qarşı cinayət işi başlayıb

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Zamin Salayev onun haqqında cinayət işi başlandığını bildirir. Bu barədə Meydan TV-yə Z.Salayev özü danışıb.

AXCP fəalının sözlərinə görə, Salyan rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsilə cinayət işi başlanıb.

Z.Salayevin deyib ki, hələ yanvar ayında 30 sutkalıq inzibati həbsdə olarkən onun qarşı cinayət işi açılacağı haqda xəbərdarlıq edilmişdi.

O, cərrahiyyə əməliyyatından sonra martın 1-də evə buraxılıb. Martın 2-də gözləmədiyi halda, keçmiş qonşusu Coşqun Nuriyev onun evinə gəlib: “Gəlişinin səbəbi sonradan aydın oldu. Başını divara çırpıb, özünə xəsarət yetirib, sonra da polis və prokurorluğa məndən şikayətçi olub. Halbuki, həmin vaxt, dediyim kimi, mən əməliyyatdan sonra bir gün idi ki, evə buraxılmışdım”.

Z.Salayev vurğulayır ki, bu işdə zərərçəkmiş qismində tanınan Coşqun Nuriyev psixiatriya xəstəxanasında qeydiyyatdadır: “Maştağadakı ruhi-əsəb dispanserində yatıb”.

Salyan sakini olan 34 yaşlı Coşqun Eyvaz oğlu Nuriyev bir ay öncə - fevralın 29-da şəhərdəki elektrik ötürücü dayağına çıxaraq, intihar edəcəyini deyib. Bu barədə mediada https://virtualaz.org/bugun/157612 yayılan məlumatlarda deyilir ki, hadisə yerinə rayonun icra başçısının birinci müavini Etibar Hüseynov, Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəlib. Onlar C.Nuriyevi intihar fikrindən daşındırıblar: “Aparılan danışıqlardan sonra Coşqun Nuriyev çıxdığı dayaqdan yerə düşüb. O, daha sonra problemi dinlənilmək üçün Salyan Rayon İcra Hakimiyyətinə aparılıb. Hadisə şahidlərini dediyinə görə ağır vərəm xəstəsi olan Coşqun Nuriyev maddi imkanının müalicə və dolanışığına çatmamasından şikayətlənib”.

İki gün sonra isə o, Z.Salayevdən şikayət edib.

AXCP-nin keçirdiyi mitinq və aksiyalarda aktiv iştirak edən Z.Salayev bundan öncə bir neçə dəfə inzibati qaydada həbs olunub. Adətən ona qarşı İnzibati Xətalar Məcəlləsinin 535.1 (polisin qanuni tələbinə tabe olmama) maddəsilə ittiham irəli sürülüb. Z.Salayev sonuncu dəfə bu ilin yanvarında polisə müqavimət ittihamıyla həbs olunmuşdu. Səbail Rayon Məhkəməsinin qərarıyla ona 30 sutka inzibati həbs verilmişdi.

Z.Salayev isə bu ittihamın yalan olduğunu, həbsindən bir neçə gün öncə sosial şəbəkələrdə yaydığı videoya görə cəzalandırıldığını bildirirdi. Z.Salayev həmin videoda Salyan Rayon Polis Şöbəsinin baş təhqiqatçısı Həmzə Əzizovla mübahisə edərək, onun rayondakı qadınlardan birinə təcavüz etdiyini, həmin qadının bədbəxtliyinə səbəb olduğunu bildirir. Sözügedən qadın həmin polis əməkdaşına bıçaqla xəsarət yetirməyə görə hazırda həbsdədir.

Z.Salayev bu həbs zamanı Səbail rayonu, 8-ci polis bölməsində işgəncələrə məruz qaldığını bildirmiş, ailəsinə məktubunda başına gələnlərin təfərrüatlarını açıqlamışdı. Onun sözlərinə görə, polis bölməsində işgəncələrdən sonra onun belindəki yırtıq (qrıja) partladı və polislər məcbur qalıb xəstəxanaya apardılar.

Z.Salayev həbsdən buraxıldıqdan sonra fevralın 24-də həmin problemlə əlaqədar əməliyyat olunub.

Z.Salayev həbsdən buraxılandan sonra H.Əzizov ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. O, AXCP fəalının Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

Facebook