AXCP üzvü Orxan Baxışlının apellyasiya şikayəti üzrə ilkin iclas keçirildi - Video

Noyabrın 26-da Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlının Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 sentyabr 2018-ci il tarixli qərarından verilən apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Prosesdə Orxan Baxışlının özü və vəkili Elçin Sadıqov, media və ictimaiyyət nümayəndələri də iştirak ediblər. 
Müdafiə tərəfi iş üzrə bir neçə vəsatətlə məhkəməyə müraciət edib. Məhkəmə tərkibi vəsatətlərin müzakirəsi üçün məhkəmə prosesini 10 dekabr tarixinə təyin edib.
Xatırladaq ki, AXCP Gənclər Komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı mayın 7-də axşam saatlarında Bakıda Elmlər Akademiyasının qarşısındakı bağda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, saxlama, daşıma, göndərmə və ya satma-külli miqdarda törədildikdə) ittiham irəli sürülüb. Mayın 9-da Yasamal rayon Məhkəməsi fəalın barəsində dörd aylıq həbsqətimkan tədbiri seçib. Orxan Baxışlı Milli Şuranın 31 martda keçirdiyi mitinqdən öncə də saxlanılmışdı. Ona polisin qanunu tələbinə tabe olmamaq ittihamı ilə inzibati qaydada 30 sutka həbs verilmişdi. 18 sentyabr 2018-ci il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsi O. Baxışlının 6 il azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.