AXCP üzvlərinin məhkəməsi keçirildi - Video

Yanvarın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə AXCP üzvü Babək Həsənov, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli, partiyanın Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirli, Gədəbəy rayonunun sabiq icra başçısı Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Prosesdə təqsirləndirilən şəxslər və onların vəkilləri, dövlət ittihamçısı Əli Əliyev, media və ictimaiyyət nümayəndələri iştirak ediblər. 
Müdafiə vəkilləri S.Rüstəmlinin ittihamda yazıldığından fərqli olaraq, qardaşı və onun həyat yoldaşıyla birlikdə olarkən saxlandığını bildirərək, onların əlavə şahid qismində dindirilməsi, V.Rüstəmlinin ev dustaqlığına buraxılması barədə vəsatətlər qaldırsalar da, heç biri təmin olunmayıb. Vəkillər istintaqın çoxdan başa çatdığını, məhkəmə getdiyini, hələ də təqsirləndirilən şəxslərin yaxınları ilə görüşmək hüququnun məhdudlaşdırıldığını qeyd ediblər. Hakim bildirib ki, məhkəmənin hazırlıq iclasından bir gün sonra Bakı istintaq təcridxanasına məktub göndərib, onların telefon danışığı və görüş hüququ ilə bağlı məhdudiyyətin aradan qaldırılması istənilib. Daha sonra dövlət ittihamçısı ittiham aktını elan edib. İttihamda təqsirləndirilən şəxslərlə yanaşı, AXCP sədri Əli Kərimli, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, partiya fəallarından Eltac Əlisoy və başqalarının adları hallandırılıb, mütəşəkkil dəstə yaradıb, cinayət yoluyla əldə olunan pulları leqallaşdırdıqları iddia olunub. İttihama əsasən, S.Rüstəmli qardaşı oğlu və digər təqsirləndirilən şəxslər vasitəsilə pullar göndərib. İttihamda ümumilikdə 770 min manatdan söhbət gedir. S.Rüstəmli və qardaşı oğluna əlavə narkotik ittihamı da verilib.
Təqsirləndirilən şəxslərdən Babək Həsənov ifadə verərək taksi fəaliyyətilə ailəsini dolandırdığını deyib: “ Mayın 25-də metronun “Nərimanov” stansiyasının yaxınlığındakı binalardan birinin həyətində sərnişini düşürəndən sonra iki maşından düşən 7-8 nəfər mülki geyimli mənə hücum etdi. Dörd nəfər avtomobilə daxil olaraq, məni çıxarıb öz maşınlarından birində əyləşdirdilər. Bir qədər gətirəndən sonra metronun yaxınlığında təxminən 15 dəqiqə saxlayıb, kiminləsə danışdılar. Sonra dedilər ki, “Yeni Günəşli” qəsəbəsinə - yaşadığı evdə axtarış aparmağa gedirlər. Mənim maşınımı da başqa biri sürürdü. O maşın indi də Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin həyətindədir. Günəşliyə çatanda qəsəbənin müxtəlif yerlərində 10-15 dəqiqə dayandılar. Yenə kimlərləsə danışırdılar. Mən etiraz edirdim ki, vəkil olmasa axtarışa imkan verməyəcəm. Günəşlidə bir xeyli vaxt keçirəndən sonra məni idarəyə gətirdilər. Sonradan bilmişəm qəsəbədə vaxt keçirdikləri müddətdə bizim evdə axtarış gedibmiş”. B.Həsənovun sözlərinə görə, idarədə ondan telefonunu açmaq üçün kodu istəyiblər, o isə verməkdən imtina edib. Deyib ki, ancaq vəkilinin iştirakıyla telefonuna baxış keçirilməsinə icazə verəcək: “Məni bir otağa apardılar, 7-8 nəfər mülki geyimli vardı. Bir-birini adlarıyla çağırmırdılar ki, bilməyək. Otaqda xüsusi işgəncə aparatları vardı. Əllərimi qandallamışdılar, biri baş barmaqlarıma “şnur” bağladı. Dedilər ki, “sənə göstərəcəyik burada kodu verməmək, danışmamaq necə olur”. Bunlara göstəriş verənlərdən biri müstəntiq Sənan Paşayev idi”. B.Həsənov deyir ki, ikinci qrup Qarabağ əlili, onurğasında problem olduğunu həmin vaxt onlara desə də, bunu nəzərə almayaraq barmaqlarına bağlanan naqilə cərəyan buraxıblar: “Tok buraxan kimi yıxıldım, bir nəfər ayaqlarımın, biri də belimin üstünə çıxdı. Eyni zamanda, hərəsi təxminən 3 dəqiqə olmaqla, 5 dəfə tok verdilər. Hər dəfəsindən sonra soruşurdular ki, “Danışacaqsan? “Yox” cavabından sonra davam etdirirdilər. Axırıncıdan sonra biri dedi ki, “toku artırın, qoy ürəyi partlasın”. Artıranda sanki beynim, damarlarım dağılırdı. Ona görə məcbur olub telefonun kodunu verdim...”. B. Həsənov daha sonra V.Rüstəmlidən zərfin içində pul alıb Ə.Kərimliyə çatdırması, həmin vəsaitlərin partiyanın maliyyələşməsinə sərf olunması barədə ifadələrə də işgəncə altında imza atdığını bildirib: “Saleh Rüstəmlini ilk dəfə Cəmil Hə
 
sənlini Gədəbəyə deputat yoldaşı Nizami Quliyevin övladının toyuna aparanda orada görmüşəm, heç kim olduğunu da bilməmişəm. Vidadi Rüstəmli ilə üç dəfə görüşmüşəm. Zəng eləyib, 500, 600 və 500 olmaqla, cəmi 1600 manat üç dəfə pul götürüb Əli Kərimliyə çatdırmışam, vəssalam”. 
Hakim daha sonra növbəti prosesin 22 yanvar saat 14:00-da davam edəcəyini elan edib.