EURO : 1,8883 TRY : 0,2957 USD : 1,7 RUB : 0,0267
AXCP-nin 4 üzvündən xəbər yoxdur

AXCP-nin 4 üzvündən xəbər yoxdur

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 4 üzvündən xəbər yoxdur.
 
Bunu Azadlıq Radiosu-na həmin partiyadan deyiblər.
 
AXCP Rəyasət Heyətinin üzvü İlham Hüseyn vurğulayıb ki, həmin şəxslər Demokratik Qüvvələrin Milli Şurasının yanvarın 19-da keçirdiyi mitinqdən bir gün əvvəl saxlanıblar:
 
"Söhbət Ruslan Əmirov, Bəxtiyar İmanov, Elşən Bəyləroğlu və Ramid Nağıyevdən gedir. Onlar yanvarın 18-də axşam saxlanılıb. Onların hansı polisə idarəsinə aparıldığı barədə hələ araşdırma aparırlır”
 
İlham Hüseyn bildirib ki, aksiya ərafəsində saxlanan fəallardan inzibati həbs cəzası alanlar var:
 
"AXCP Nizami şöbəsinin sədri Paşa Umudov, Sabunçu rayon təşkilatının fəalı Namiq Abbasəliyev 30 sutka alıb. Partiyanın Nərimanov rayon şöbəsinin fəalı Elşən Təhməzov da 23 sutka həbs edilib. Bundan başqa, AXCP Gənclər Komitəsinin (GK) sədri Emil Səlimov, partiyanın Ali Məclisinin üzvü Nicat Abdullayev, GK-nın İdarə Heyətinin üzvü Nicat Nizamov, Partiyanın Rəyasət Heyətinin üzvü Saqif Qurbanov 20 sutka həbs cəzası alıb. Habelə Saatlı şöbəsinin fəalı Kamran Əmirov17 sutka, AXCP Nəsimi şöbəsinin sədr müavini Fərid Əsədov 10 sutka inzibati cəza alıblar”
 
AXCP-dən aksiya ərafəsində 9 nəfərin inzibati qaydada həbs edildiyini öyrəndiklərini deyirlər. Vurğulamalarına görə, onlardan bəzilərinin polisin qanunu tələbini yerinə yetirməməkdə günahlandırıldıqlarını öyrəniblər. Bu məsələlər ətrafında dəqiləşdirmələr davam edir.
 
AXCP sədri Əli Kərimli yanvarın 19-da mitinqdən sonra Azadlıq Radiosuna bildirmişdi ki, aksiya ərafəsində ümumilikdə 100-ə yaxın fəal saxlanıb.Əli Kərimlinin deməsinə görə, onlardan bəziləri hələ də buraxılmayıb.
 
Müsavat Partiyasının məlumatında isə bildirilir ki, yanvarın 18-də axşam saatlarında partiyanın Gənclər Komitəsinin üzvü Elman Quliyev 15 sutka inzibati həbsə cəzası alıb.
 
Müxalif partiyalardan bildirildiyinə görə, hazırda saxlananların məhz nədə günahlandırıldığı dəqiqləşdirilir.
Amma bütün bu məlumatlara, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.
 
Azərbaycan rəsmiləri dəfələrlə deyiblər ki, ölkədə sərbəst toplaşmaq azadlığı təmin edilir. Rəsmilərin vurğulamasına görə, "müxalifətin aksiyalarına xalq dəstək vermir, bu üzdən müəyyən əsassız iddialarla bunu pərdələmək istəyirlər”.
 
Demokratik Qüvvələrin Milli Şurası yanvarın 19-da "Mehman Hüseynov və bütün siyasi məhbuslara azadlıq” tələbi ilə aksiya keçirib. Aksiyaya Müsavat Partiyası və başqa müxalif siyasi qüvvələr dəstək verib.
Bloger Mehman Hüseynov 2017-ci ildə polisə böhtan atma iddiası ilə 2 il həbs edilib. O, həbsdən əvvəl polisdə saxlanarkən işgəncəyə məruz qaldığını açıqlamışdı.
 
Bloger həbs müddətinin başa çatmasına bir neçə ay qalmış yeni ittihamla üzləşib.
 
Rəsmi məlumata görə, Hüseynov ötən ilin sonu, dekabrın 26-da cəza çəkdiyi müəssisədə Penitensiar Xidmətin əməkdaşına zor tətbiq etməkdə günahlandırılır. Bloqqer ittihamı qurama sayır.
 
Yerli hüquq müdafiəçilərinin bildirməsinə görə, hazırda Azərbaycanda 150 civarında siyasi məhbus var.Amma rəsmilər ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Facebook