AXCP Gənclər Komitəsinin sədrini şərləmək istəyirlər

Bu gün AXCP Gənclər Komitəsinin sədri Emil Səlimov İnsan Alverinə qarşı Mübarizə İdarəsinə çağırılıb. Dünən ona tanımadığı nömrədən bir nəfər mesaj yazaraq “yaxında görüşəcəyik, hazır ol” deyib. Bu haqda partiya rəhbərliyinə xəbər verən E.Səlimov mesajın arxasında şərlənmək ehtimalı dayandığını bildirib. Bugünkü çağırılma ilə bağlı o, FB səhifəsində bunları yazıb: “Dostlar! Hər biriniz gənc fəal Fatimə Mövlamlının başına gətirilənlər haqqında onun canlı açıqlamasından tanış oldunuz, yəqin ki. 17 yaşında olan bu xanımın “diktatoru tanıdaq” aksiyasına görə 5 gün oğurlanması ilə yanaşı, onun əli ilə AXCP-nin gənc rəhbər heyətinə qarşı təxribat hazırlamaq istədikləri məlum olmuşdu.

Fatimə xanım bu təxribatda yer almamış və azad edilən kimi bizləri bu haqda məlumatlandırmışdı. Amma görünür, bu iyrənc ssenari artıq işə düşməkdədir. Az öncə İnsan Alverinə qarşı Mübarizə üzrə İstintaq İdarəsindən zəng vurub, məni gizli saxladıqları hansısa işlə bağlı şahid(?) qismində ifadə vermək üçün dəvət etdilər. Təbii ki, İdarəyə vəkillə gedəcəm. Amma əminliklə bildirirəm ki, şəxsimlə bağlı hazırlanacaq olan hər hansı iş bəri başdan quramadır və siyası fəaliyyətimlə bağlıdır.”

azadliq.info