AXCP fəallarının apellyasiya şikayəti təmin edilmədi - Video

Aprelin 5-də Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə Orxan Baxışlının, hakim Abid Abdinbəyovun sədrliyi ilə Abdulla Mahmudovun, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə Ayaz Qasımovun apellyasiya şikayətinə əsasən məhkəmə prosesi keçirilib. Məhkəmə müdafiə tərəfin əsas gətirdiyi heç bir arqumenti qəbul etməyərək, apellyasiya şikayətlərinin təmin edilmədiyini elan edib.
Qeyd edək ki, 31 mart 2018-ci il tarixdə Bakıda keçirilən etiraz aksiyasından qabaq AXCP-nin Sabunçu rayon şöbəsinin fəalı Abdulla Mahmudov martın 26-da 30 sutka, Xətai rayon şöbəsinin fəalı Orxan Baxışlı martın 27-də 30 sutka, Nəsimi rayon şöbəsinin fəalı Ayaz Qasımov martın 29-da 15 sutka inzibati həbsə məhkum edilib. Fəalların hamısı İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsi ilə (polisin qanunu tələbinə tabe olmamaq) ittiham olunur.