Avropa parlamentinin deputatları Ermənistanın hərbi cinayətlərini pisləyib

Avropa Parlamentinin vitse-prezidenti Rixard Çarneçki və Azərbaycan üzrə məruzəçisi Norika Nikolai Ermənistanın hərbi cinayətlərini qəti şəkildə pisləyərək, birgə bəyanatla çıxış ediblər.

Azərbaycanın Belçikadakı Səfirliyindən verilən məlumata görə, onlar mülki şəxslərin – qadın və uşağın mənasız qətlini dayandırmağı tələb ediblər.

“Bu qətl erməni silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Azərbaycanın Füzuli rayonunun Alxanlı kəndində olub. Belə ağır cinayətlərə bəraət yoxdur. Biz günahkarların cəzalandırılması üçün dərhal təhqiqatının başlanmasına çağırırıq. Biz Azərbaycanın işğal olunmuş hissəsində hərbi əməliyyatları dayandırmağı tələb edirik” – deyə siyasətçilər bəyanatda qeyd ediblər.

Sənəddə həmçinin Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb edilir.