Avropa Məhkəməsi Tofiq Yaqubluya görə Azərbaycanı cərimələdi

Avropa Məhkəməsi Tofiq Yaqubluya görə Azərbaycanı cərimələdi

AİHM: "Hökumət 8 min avro təzminat ödəməlidir"

İyulun 15-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Müsavat Partiyası təmsilçisi Tofiq Yaqublunun iki şikayəti üzrə qərarını elan edib.

Hüquqşünas Xalid Ağəliyev deyir ki, məhkəmə müxalif siyasətçinin iddia etdiyi pozuntuların əksəriyyətini tanıyıb. Tofiq Yaqubluya münasibətdə hər iki iş üzrə 5-ci (azadlıq və toxunulmazlıq) və 6-cı maddənin (ədalətli məhkəmə araşdırması) pozuntusu olduğuna qərar verib: “Qərar qəti olduqdan sonra hökumət Tofiq Yaqubluya mənəvi zərər əvəzi 8 min avro, xərc və məsrəflərə görə isə bir min avro təzminat ödəməlidir”.

Məhkəmə işlə bağlı ərizəçinin polis bölməsində pis şəraitdə saxlanılması iddialarını (Maddə 3) qəbul etməyib. Diqqəti ərizəçilərin həbsdə saxlanılma şərtləri ilə bağlı iddiaları əsaslandırmaq üçün sübutların toplanmasında yaşadığı obyektiv çətinliklərə çəkən məhkəmə qeyd etdi ki, belə iddialara dair dəlillər aydın, təkzibedilməz olmalıdır.

Ən azı saxlanılan digər şəxslərin ifadələri, saxlanılma şərtlərinin pis olmasını dəstəkləyən fotoşəkillər dəlil kimi təqdim edilə bilərdi. Məhkəmə həmçinin, ərizəçinin özünün və yetkinlik yaşına çatmayan oğlunun saxlanılma şəraiti, pis rəftarla bağlı daxili vasitələrdən yararlanmağa cəhd etmədiyini də ifadə etdi.

AİHM-ə 2013-14-cü illərdə göndərilmiş bu şikayətlər Tofiq Yaqublunun 2012-ci ilin may ayının 24-də və 25-də polislər tərəfindən iki dəfə saxlanılması ilə bağlı idi.

Ərizəçi 2012-ci il mayın 24-də, müxalif qüvvələrin aksiyasından bir gün əvvəl Suraxanı rayonunda saxlanılmışdı. Onun inzibati qaydada cərimə edilməsinə (20 AZN) qərar verilmişdi.

Bir gün sonra “Sahil” Metro Stansiyasının yaxınlığında bu dəfə oğlu ilə birlikdə saxlanılan Tofiq Yaqublu bir gün polisdə saxlanılmışdı.

Polisin qanuni əmrinə tabe olmamağa görə günahkar bilinən ərizəçi yenidən inzibati qaydada cərimə (20 AZN) olunmuşdu.

Ərizəçi hər iki işi milli məhkəmələrdə mübahisələndirmiş, amma bütün hallarda onun şikayətləri rədd olunmuşdu.

Ərizəçi AİHM-ə şikayətlərində iddia edirdi ki, barəsindəki araşdırmalar və qərarlar onun işgəncəyə məruz qalmamaq (Maddə 3, saxlanılma şəraitinin uyğunsuzluğu), azadlıq və toxunulmazlıq (Maddə 5, saxlanılmanın qanunsuzluğu) və ədalətli məhkəmə araşdırması (Maddə 6) hüquqlarına müdaxilə məzmununda olub.

Facebook