Avropa Məhkəməsi müxalifətçilərlə bağlı kommunikasiyaya başladı

Avropa Məhkəməsi Tofiq Yaqublu, Ramiz Əhədov, Zərifə Mahəddinova, Natavan Səlimzadə, Kəmalə Xəlilova, Mardanə Hüseynovanın işi üzrə kommunikasiya başlayıb. Bu barədə vəkil Fariz Namazlı "Facebook" səhifəsində yazıb.

Vəkil bildirib ki, bu iş üzrə T. Yaqublunun nümayəndəsi Akif Əlizadə, digər ərizəçilərin nümayəndəsi İntiqam Əliyevdir. 2 aprel 2011-ci ildə Bakı şəhərində keçirilən müxalifətin mitinqində iştirak edən Tofiq Yaqublu və R. Əhədov həbs olunub və Nəsimi RPİ-də pis rəftara məruz qalıb, daha sonra inzibati həbs olunublar.

Digər ərizəçilər 2012-ci ilin 14 və 21 may tarixlərində İctimai palatanın keçirdiyi aksiyalarda iştirak ediblər. Onlar polis nəfərləri tərəfindən pis rəftara məruz qalıblar. Onların verdikləri şikayətlər isə istintaq orqanı tərəfindən effektiv araşdırılmayıb və cinayət işinin başlanması rədd edilib.

Avropa Məhkəməsi Konvensiyanın 3 (işgəncəyə məruz qalmamaq hüququ) maddəsi üzrə hökümətə suallar ünvanlayıb. Həmçinin Yaqublu işində 5.1 (azadlıq hüququ), 6.1, 6.3 (müdafiəçinin xidmətindən istifadə etmə, müdafiəsinə hazırlaşma, şahidləri dindirməyə lazımi şəraitin yaradılması), 11 (sərbəst toplaşmaq azadlığı) maddələrinin, Mahəddinova və digərlərinin işi üzrə 11 -ci maddənin pozuntusunun olub olmaması ilə bağlı suallar da ünvanlayıb.

Rakurs TV