Avropa Məhkəməsi Elşad Babayevin ölümünü araşdırır

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycanla bağlı daha bir kommunikasiya işinə başlayıb. Söhbət 2014-cü ilin 22 dekabrında 14 saylı Cəzaçəkmə Müəssisəsində işgəncə yolu ilə öldürüldüyü bildirilən məhkum Elşad Babayevin ölüm faktının keyfiyyətli və lazımi qaydada araşdırılmamasından gedir. 

Bu barədə vəkil Fariz Namazlı öz "Facebook" hesabında məlumat yayıb. Vəkilin sözlərinə görə, məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasının 2 (yaşamaq hüququ), 3 (işgəncəyə məruz qalmamaq hüququ) və 13 (səmərəli araşdırma aparılması) maddələrinin pozuntusunun baş verib-verməməsi ilə bağlı Azərbaycan hökümətinə suallar ünvanlayıb.

Elşad Babayev 2014-cü ildə Penitensiar Xidmətin 14 saylı cəzaçəkmə müəssisəsində ölüb. Faktla bağlı Cinayət Məcəlləsinin 309.2 maddəsi ilə (Vəzifə səlahiyyətlərini aşma - bu əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) cinayət işi açılıb. Penitensiar Xidmət isə Elşad Babayevin işgəncə nəticəsində ölməsi barədə xəbərləri təkzib edib.

Rəsmi istintaq nəticələri Babayevin ailəsini qane etməyib. Mərhumun bacısı Sumuzər Babayeva qardaşının bədənində çoxsaylı qançıqların, baş nahiyyəsində çapıq olan nəşinin şəklini media vasitəsi ilə yayıb. O, qardaşının nəşinin fotolarını məhkəmə tibb ekspertizasının binasında çəkdiyini bildirib.

Babayeva məhkəmə tibb eksperizasının Elşad Babayevin ürək tutmasından öldüyü barədə rəy verdiyini deyib.

O, bildirib ki, qardaşının qatillərinin cəzalandırılmasına nail olmaq üçün sona qədər mübarizə aparacaq:

"Qardaşımı öldürüblər. Özü də işgəncə verib öldürüblər. Bunu danmaq olmaz. Fotolardan görünür ki, qardaşım amansız işgəncələrə məruz qalıb. Onun ürək tutmasından ölməsini demək bu cinayəti ört-basdır etməyə cəhddir. Lakin mən sona qədər mübarizə aparacam ki, bu cinayəti törədənlər cəzalandırılsın”

Bundan sonra Simuzər Babayevə Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ünvanlayıb. 

Vəkil Fariz Namazlının  yazdığına görə, Avropa Məhkəməsinin Azərbaycan hökumətinə göndərdiyi suallarda: məhkumun həyatına Konvensiyanın 2-ci maddəsində nəzərdə tutulmuş müdaxilənin baş verib vermədiyi, onun həbsxana əməkdaşları tərəfindən öldürülməsi, onun 13 dekabr 2014-cü il günü və sonrakı günlər həbsxana əməkdaşları tərəfindən zorakılığa məruz qalması, yerli qurumlar tərəfindən araşdırmanın 2-ci maddəyə uyğun aparılması, məhkumun həbsxana əməkdaşları tərəfindən Konvensiyanın 3-cü maddəsində nəzərdə tutulmuş işgəncələrə məruz qalması, araşdırmanın effektiv aparılması, ərizəçinin (Məhkumun bacısı) Konvensiyanın 13-cü maddəsində nəzərdə tutulmuş səmərəli müdafiə vasitələrinə malik olub-olmaması soruşulur.

Rakurs TV