Avropa Məhkəməsi Azərbaycanla bağlı iki şikayətə baxacaq

Avropa Məhkəməsi Azərbaycanla bağlı iki şikayətə baxacaq

Avropa Məhkəməsi fevralın 27-də Azərbaycandan göndərilmiş 2 şikayət üzrə qərarlarını elan edəcək.
 
Avropa məhkəməsinə göndərilən işlər araşdırmaçı jurnalist Xədicə İsmayıl və Rasim Abuşovun şikayətlərdir.
 
Bu barədə məlumatı hüquqşünas Xalid Ağaliyev yayıb.
 
Birinci iş jurnalistin həsb edilməsi, ardınca vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunması, 7,5 il azadlıqdan məhrum edilməsi ilə bağlıdır. 
 
Jurnalistin vəkilləri iddia edir ki, ərizəçi əsaslı şübhə olmadan həbsdə tutulub, həbsdə tutulmasının qanuniliyinə etiraz etmək üçün gərəkli zaman, imkanlara sahib olmayıb, məhkəmələr qərəzli və tərəfli davranıb, təqsirsizlik prezumpsiyası hüququ pozulub. 
 
Avropa Məhkməsindən X.İsmayılın azadlıq və toxunulmazlıq, ədalətli məhkəmə araşdırması, ifadə azadlığı (eləcə də, 5-ci maddə ilə birgə götürülməklə 18-ci maddənin pozuntusu) hüquqlarının pozuntusunun tanınması istənilir.
 
Digər iş isə vətəndaş Rasim Abuşovun şikayəti ilə bağlıdır. Ərizəçi boşanıb, azyaşlı uşaqları anaya verilib. Atanın və qohumlarının övladları ilə görüşməsinə şərait yaradılması üçün məhkəməyə müraciət olunub. 
 
Yerli məhkəmələrin qərarlarından narazı qalan ərizəçi AİHM qarşısında iddia edib ki, onun ədalətli məhkəmə araşdırması və şəxsi həyatın toxunulmazlığı hüququ pozulub.
 
Avropa Məhkəməsi 2019-cu ilin sonuna qədər Azərbaycandan göndərilmiş şikayətlər əsasında mahiyyəti üzrə 178 qərar qəbul edib. 
 
Avropa Şurası Nazirlər Komitəsinin bilgilərinə görə, Azərbaycan indiyə kimi 37 qərarı tam icra edib, 37 qərarın icrası ilə bağlı yekun qərar qəbul olunub. 2012, 2013, 2015-ci illərdə hər il bir qərar icra edilib. 2018-ci ildə 18, 2019-da isə 16 qərarın icrasının başa çatmasına qərar verilib.
 
Hazırda Azərbaycanla bağlı icrasını gözləyən qərarların sayı 188-dir. Həmin qərarların 154-ü təkrarlanan işlərdir.
 
İcrasını gözləyən işlərdən 52-də təzminatların ödənilməsində də problemlər var.

Facebook