Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi

Avropa Məhkəməsi Azərbaycanı yenə cərimələdi

"Hökumət ərizəçilərə ümumilikdə 30 min avro ödəməlidir"

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) iyulun 22-də Azərbaycandan göndərilmiş daha 4 şikayət üzrə qərarını elan edib.

Məhkəmə iddia edilən pozuntuların əksəriyyətini tanıyıb. Azərbaycan hökumətinin üzərinə ərizəçilərə ümumilikdə 30 min avro ödəmək vəzifəsi qoyub.

“Mahmudov və Ağazadə Azərbaycana qarşı” işdə məhkəmə hesab edib ki, “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı Rövşən Mahmudov və Yaşar Ağazadənin ifadə azadlığı hüququna müdaxilə edilib.

Qərar qəti olduqdan sonra hökumət ərizəçilərə mənəvi zərərə görə 2400, xərc və məsrəflərə görəsə 1000 avro ödəməlidir.

Müxalif məzmunlu “Müxalifət” qəzetinin baş redaktoru və əməkdaşı Azərbaycanın siyasi xadimlərindən olan Cəlal Əliyevi ləkələdiyi iddia edilən məqaləyə görə cinayət məsuliyyətinə cəlb edilmişdi.

C.Əliyevin xüsusi ittiham qaydasında şikayətindən sonra 2007-ci il mayın 16-da Yasamal rayon Məhkəməsi jurnalistləri böhtana görə məhkum etmişdi.

Onların hər biri iki il altı ay müddətinə azadlqıdan məhrum edilmişdi.

Təxminən bir il sonra Ali Məhkəmə hər iki jurnalistə verilən cəzanı təsdiq edib, ancaq həmin qərarından əvvəl – 2007-ci ilin dekabrında jurnalistlər Azərbaycan prezidentinin əfvi ilə azadlığa buraxılmışdılar.

Ərizəçilər AİHM-ə şikayətlərində məqalələrinə görə cinayət cəzasına məhkum edilmələri ilə ifadə azadlığı hüquqlarına müdaxilənin baş verdiyini iddia edirdilər.

“Azər Əhmədov Azərbaycana qarşı” işdə isə AİHM şəxsi həyata müdaxilə hüququnun pozuntusuna yol verilməsinə qərar verib.

“Azadlıq” qəzetinin direktoru olan Azər Əhmədova mənəvi zərərə görə 4500, xərc və məsrəflərə görə isə 2500 avro təzminat ödənməlidir.

Bu iş Azər Əhmədovun həmkarlarından Aqil Xəlilin bıçaqlanması olayının istintaqı çərçivəsində onun telefonunun dinlənilməsi ilə bağlı olub.

Ərizəçi Konvensiyanın 8-ci (şəxsi həyata hörmət) və 10-cu (ifadə azadlığı) maddəsinə söykənərək, iddia edirdi ki, telefon danışıqlarının dinlənilməsi qanunazidd olub.

Ərizəçi həmçinin, gizli dinləmə ilə bağlı qərarın onunla bağlı olmamasından, onun adının həmin qərarda qeyd edilməməsindən, gizli dinlənilmə qərarının yalnız həmkarına yönəlik olmasından da şikayət etmişdi. Bu baxımdan, ərizəçi Konvensiyanın 6-ci (ədalətli məhkəmə araşdırması) və 13-cü (səmərəli hüquq müdafiə vasitələrinə malik olmaq) maddələrinin pozuntusunu məruz qaldığını da iddia edirdi.

“Kərimov və başqaları (daha iki nəfər) Azərbaycana qarşı” işdə ərizəçilər Vahid Kərimov, Mahir Abbasov və Mübariz Bayramov olub. AİHM bu işdə onların Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) maddəsi ilə təminat altına alınan hüququna müdaxilə baş verdiyinə qərar verib. Ərizəçilərin hər birinə 3600 avro təzminat ödəməlidir.

Bu iş ərizəçilərin aldıqları pul borcunu geri ödəmədiklərinə görə, həbs edilmələri ilə bağlı idi.

Facebook