Avropa İttifaqının nümayəndəsi İlqar Məmmədovdan danışdı

"2018-ci ilin Aİ və Azərbaycan arasında münasibətlərin daha da möhkəmlənməsi ili olacağını gözləyirəm”.
 
Bu sözləri "Turan” İnformasiya Agentliyinə müsahibəsində Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kəstutis Yankauskas deyib. 
 
"Bu il Azərbaycan üçün mühüm ildir, belə ki, ölkə dövlətçiliyinin 100 illiyini qeyd edir. Azərbaycan dünyəvi, əhalisinin əksəriyyəti müsəlman olan bir ölkə kimi bütün müsəlman dünyası üçün bir çox sahədə pioner olub. Biz bu nailiyyətləri birlikdə qeyd edəcəyik.
 
Bu il ikitərəfli münasibətlərimiz üçün də mühüm ildir, belə ki, biz yeni hərtərəfli sazişin imzalanması üzərində işləyəcəyik. Həmçinin, tezliklə Ortaq Aviasiya Məkanı haqqında qarşılıqlı səmərəli Saziş imzalaya biləcəyimizə ümid edirəm. Bu saziş Azərbaycan üçün bir çox imkan açacaq, turistlərin sayını artıracaq, bu da ölkə iqtisadiyyatının şaxələndirilməsinə kömək edəcək və nəqliyyat-logistika mərkəzi olmaq təşəbbüsünü daha da gücləndirəcək” – diplomat qeyd edib.
 
Kəstutis Yankauskas deyib ki, münasibətlərə daha çox praktik fayda gətirə biləcək sahələrdə iş davam etdiriləcək:
 
"2020-ci ildə Azərbaycan qazının Aİ bazarına çıxmasına imkan verəcək Cənub Qaz Dəhlizinin inkişafında sürəti və irəliləyişi qoruyub saxlamalıyıq.
 
• Nəqliyyat və ticarət həcminin artırılması üçün bu yaxınlarda açılmış Bakı-Tbilisi-Qars dəmir yolundan, Bakı limanının obyektlərindən və azad ticarət zonasından ən yaxşı şəkildə istifadə etməliyik.
 
• Ölkəni daha çox rəqabətədavamlı, Aİ-dən daha çox investisiyalar və digər qeyri-neft investisiyaları cəlb etmək iqtidarında olan bir ölkəyə çevirmək üçün ən yaxşı Avropa texnologiyalarının və proqressiv həllərin təqdim edilməsi yolu ilə Azərbaycana iqtisadiyyatın şaxələndirilməsində və islahatlarda yardım göstərilməsi səylərimizi davam etdirməli və fəallaşdırmalıyıq.
 
• Aİ vitse-prezidenti Şefçoviç kimi yüksək vəzifəli şəxslərin səfərlərinin və Aİ tərəfindən dəstəklənəcək Avropa İttifaqı - Azərbaycan Biznes Forumu kimi mühüm hadisələrin baş tutacağını gözləyirik.
 
Ümid edirəm ki, eyni zamanda bir-birimizin mövqeyini daha yaxşı başa düşmək və münasibətlərimizin fundamental bazasını möhkəmləndirmək üçün əsl strateji tərəfdaşlar kimi bütün məsələlər üçün açıq dialoqu da davam etdirəcəyik.
 
Səfir deyib ki, bu il yeni tərəfdaşlıq sazişi ilə bağlı danışıqların başa çatacağı gözlənilir:
 
"Nəinki gözləmək, biz bunun baş verməsi üçün əlimizdən gələni etməliyik.
 
Danışıqlarımız 2017-ci ilin fevralında, bir ilə yaxındır başlayıb. Hələlik işlər yaxşı gedir və biz böyük irəliləyişə nail olmuşuq. Bu yeni saziş gələcək illərdə Azərbaycan və Aİ arasında münasibətlər üçün yeni hüquqi əsas olacaq. Buna görə tələsməməliyik, amma sazişin yüksək səviyyədə olacağına zəmanət verməliyik. Eyni zamanda, vaxt itirmədiyimizdən, mümkün olan yerdə irəlilədiyimizdən və cidd-cəhdlə işlədiyimizdən əmin olmalıyıq. Ümid edirəm ki, müqavilənin mətni bu il razılaşdırılacaq”.
 
Agentliyin "Vətəndaş cəmiyyətinin bir sıra nümayəndələri iddia edirlər ki, Azərbaycan Belarusla birlikdə "Şərq Tərəfdaşlığı" proqramında ən passiv ölkələrdir. Əməkdaşlığın fəallaşdırılması, o cümlədən vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsi xətti üzrə fəallaşdırılması üzrə dialoq var?” sualına Kəstutis Yankauskasun cavabı belə olub:
 
"Sentyabrda Aİ-nin Azərbaycan nümayəndəliyinin rəhbəri vəzifəsinə təyin edildikdə Bakını çox dinamik şəhər kimi gördüm.
 
Bütün 2017-ci il ərzində hamımız fəal şəkildə noyabrın sonlarında keçirilmiş Şərq Tərəfdaşlığı sammitinə hazırlaşırdıq. Azərbaycan nümayəndələrinin iştirak etdiyi bir sıra hazırlıq tədbirləri keçirilmişdi, prezident Əliyev isə Brüsseldə keçirilən sammitə gedib, orada bütün liderlərimiz əsas məsələlər üzrə çox yaxşı və açıq müzakirələr aparıblar.
 
Sammitin Birgə Bəyannaməsi Bakıdan bir çox müsbət rəylər alıb. Liderlərimiz 2020-ci ilə qədər 20 konkret məqsəd üzərində işi davam etdirmək barədə razılığa gəliblər”.
 
Aİ və Azərbaycan arasında Aviasiya Sazişi üzrə danışıqlarda fikir ayrılığına gəlincə, Kəstutis Yankauskas deyib:
 
"Ötən il danışıqlar bərpa edildikdən sonra iki mərhələ keçirdik. Saziş mətninin 99%-i razılaşdırılıb. Prinsipial fikir ayrılıqları qalmayıb; sadəcə olaraq sazişin həyata keçirilməsi istiqamətində son addımı atmağın yolunu tapmaq qalıb. Bunun yaxın gələcəkdə baş verəcəyinə çox ümid edirəm”.
 
Kəstutis Yankauskas onu da deyib ki, ötən il keçirilmiş illik ictimai rəy sorğusu Azərbaycanda insanların Aİ-yə qarşı müsbət münasibətinin artdığını göstərir (2016-cı ildə 26%-ə qarşı 47%):
 
"İnsanların 68 faizi hesab edir ki, Aİ və Azərbaycan arasında münasibətlər yaxşıdır. 51 faiz Aİ-yə etibar edir, 33 faiz Aİ-nin maliyə dəstəyindən xəbərdardır. Ümid edirəm ki, bu rəqəmlər artmağa davam edəcək.
 
Bu gün Azərbaycan Avropa İttifaqı ilə tərəfdaşlığı seçib. Bu seçimə hörmət edirik, o, bizə təcrübi və qarşılıqlı səmərəli iş və əməkdaşlıq üçün şərait yaradır.
 
Bu, Avropa inteqrasiyası dedikdə nəyi nəzərdə tutmanızdan asılır: bu, hüquqi-texniki proses ola bilər, amma çox vaxt bu, çox geniş qarşılıqlı anlayışın formalaşdırılması, habelə bir-birinin güclü tərəflərinin qəbul edilməsi və onlardan istifadə prosesidir. Hesab edirəm ki, bu proses kifayət qədər uzun müddətdir davam edir. Son on il ərzində hər hansı digər Şərq Tərəfdaşlığı ölkəsindən daha çox Twinning alətindən fəal istifadə edən Azərbaycanda bu həmkarlar arasında nadir əməkdaşlıq alətindən fəal istifadə ölkəyə Aİ-nin ən yaxşı təcrübələrini və standartlarını gətirib.
 
Həqiqətən, bizim bir-birimizdən öyrənəcəyimiz və fayda əldə edəcəyimiz şeylər var. Səyahət etmək, görmək, öyrənmək və bir-birimizi daha yaxşı başa düşmək. İnteqrasiya bölüşülməli olan dəyərlərə və qaydalara əsaslanır”.
 
Kəstutis Yankauskas Azərbaycanın Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovun işi üzrə qərarını icra etməməsi məsələsinə toxunub:
 
"Avropa Şurası və Avropa İttifaqı iki fərqli təşkilatdır. Amma onlar eyni dəyərləri bölüşürlər, onlar bizim üçün çox vacibdir.
 
Bu yaxınlarda Avropa İttifaqı Azərbaycana İlqar Məmmədovun işi üzrə həll yolu tapmaqda kömək etmək üçün çox şey edib və biz bu məsələ üzərində işi davam etdirəcəyik.
 
İstənilən təşkilata üzvlük götürülən öhdəliklərin yerinə yetirilməsindən ibarətdir. Hesab edirəm ki, Avropa Şurasına üzvlük bu regionda yerləşən Azərbaycan üçün, onun beynəlxalq mövqeyi və strateji prioritetləri üçün vacibdir.
 
Spekulyasiyaları kənara qoyaq, onlar əsasən mətbuatda olub. Nəzəri imkanları təxmin etmək yerinə bunun baş verməməsi üçün işi davam etdirəcəyik”.