Avropa Birliyi Lənkərana 13.5 milyon avro ayırdı

Avropa Birliyi kənd yerləri və regionların inkişafı üçün Azərbaycana vəsait ayırıb. 

Bu barədə qurumun saytında yazılıb. Bildirilir ki, Avropa Birliyi Lənkəranın inkişafı üçün 13.5 milyon avro vəsait verəcək:

“Əsas diqqət Lənkəranın meyvə və tərəvəz sektorunda rəqabətliliyin gücləndirilməsi, əlavə dəyərin artırılması üzərində cəmlənəcək”, - deyə məlumatda vurğulanır.
Niyə məhz Lənkəranın seçilməsinin səbəbi də izah edilir. Bildirilir ki, adambaşına düşən investisiya və gəlirlərə görə, Lənkəran ən aşağı səviyyədə olan rayonlardandır. Eyni zamanda, bu regionun bağçılıq sahəsində böyük potensialı var.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində əməkdaşlıq edir.
“Şərq Tərəfdaşlığı” Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla Assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.
Bu il isə Azərbaycanla Avropa Birliyi arasında ikitərəfli danışıqlar başlayıb.