ATİŞ  Tofiq Yaqublunun dərhal azad olunmasını tələb edir

ATİŞ Tofiq Yaqublunun dərhal azad olunmasını tələb edir

“Azərbaycan Talışların İctimai Şurası (ATİŞ) hesab edir ki, ölkəmizin tanınmış ictimai-siyası xadimi, Musavat partiyasının üzvu Tofiq Yaqublu Azərbaycan hakimiyyətinin idarəetmə sistemində ciddi qanun pozuntularını, vətəndaş cəmiyyətinin bütün təbəqələrinə qarşı sərgilədiyi hüquqi nihilizmi, eləcə də digər nöqsanlara görə sərt  tənqid etdiyindən şərlənərək, uzunmüddətli həsxana həyatına məhkum edilmişdir”.

Bu barədə ATİŞ-in Musavat partiyasının üzvü, tanınmış siyasətçi Tofiq Yaqublunun qeyri-qanuni həbsinə etiraz olaraq, həbsxanada keçirtdiyi ölüm aclığı aksiyası ilə bağlı bəyanatında bildirilir.

   T. Yaqublu ölkə ictimaiyyətinə müraciət edərək, siyasi baxışlarına görə Azərbaycan hakimiyyəti tərəfindən uydurma ittihamlarla, sərlənərək həbsxana həyatına məhkum olunduğunu bildirir. O, qeyri-qanuni həbs olunmasına etiraz olaraq, 10 gündən artıq zamandır ki, ölüm aclığı aksiyasına başlamışdır.

Həkimlərin və yaxın qohumlarının ölkə ictimaiyyətinə çatdırdıqları həyəcan dolu məlumatlardan məlum olur ki, aclığı davam edərsə,Tofiq Yaqublu qısa zaman kəsiyində həyatla vidalaşa bilər. 

«ATİŞ siyasi baxışlarından, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə azad, demokratik, bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu naminə mübarizə aparan hər bir  ictimai fəalına, siyasi xadiminə qarşı tətbiq olunan təqib, təzyiq və digər repressiv addımları qətiyyətlə pisləyir! T. Yaqubluya tətbiq edilmiş istintaq materiallarından da bəlli olur ki, o, konkret cinayət əməlinə görə deyil, ifadə etdiyi azad, cəsarətli, obyektiv tənqidi fikirlərinə, siyasi baxışlarına görə Azərbaycan hakimiyyətinin qəzəbinə tuş gəlmiş və uydurma ittihamlarla şərlənərək, uzunmüddətli həbsxana həyatına məhkum edilmişdir.  ATİŞ siyasi motivlərlə həbs edilmiş, azadlığına qovuşması naminə ölüm aclığına başlamış Tofiq Yaqublunun həyatı üçün, dərin narahatçılıq keçirtdiyini bəyan edir! Azərbaycan Hakimiyyətindən onun dərhal, qeyri-şərtsiz azadlığa buraxılmasını tələb edir», -  deyə bəyanatın sonunda bildirilir.