AŞPA həmməruzəçiləri bir neçə siyasi məhbusla görüşüblər

Avropa Şurası Parlament Assambleyası (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Stefan Schennach və Cezar Preda Azərbaycanda səfərdə olarkən, sentyabrın 16-sı cəzaçəkmə yerlərində bir neçə siyasi məhbus sayılan şəxslə görüşüblər.
 
Həmməruzəçilər həbsdə olan jurnalist Əziz Orucov, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı, bloqqer Mehman Hüseynovla görüşüb. Onlar həmçinin, Qobustan Qapalı Həbsxanasında "Müsəlman Birliyi" Hərəkatının lideri Taleh Bağırzadə, onun müavini Abbas Hüseyn və digər üç məhbusa baş çəkiblər.
 
Bu barədə həmməruzəçi Stefan Şennak məlumat yayıb.
 
"Amerikanın səsi"nin xəbərinə görə, məruzəçi bildirib ki, Qobustandakı beş məhbusun məsələsini araşdırıb.
 
"Qobustan həbsxanasında heç kimə bir gün də qalmağı arzulamazdım, ancaq tezliklə qapadılacaq", - o qeyd edib.
 
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri sentyabrın 14-ü Azərbaycana gəlmişdilər.
 
Stefan Şennak və Sezar Preda əvvəlcə prezident İlham Əliyev, başqa rəsmilər və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə görüşmüşdülər.
 
Prezidentlə görüşdə Azərbaycan ilə Avropa Şurası Parlament Assambleyası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivlərinin müzakirə edildiyi bildirilir.
 
Həmməruzəçilər səfərdən öncə sentyabrın 4-dən 7-nə kimi Parisdə keçirilən AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycanda demokratik təsisatların fəaliyyətinə dair hazırladıqları məruzəni təqdim ediblər. Məruzə qəbul edilib. Bundan sonra AŞPA Monitorinq Komitəsi açıqlama da yaymışdı. Açıqlamada Azərbaycan hakimiyyəti ilə davam edən dialoq bəyənilirdi. Bununla belə, bir sıra ləngimələr, məhkəmə sisteminin funksiyası və ifadə azadlığı ilə bağlı narahatlıqlar ifadə edilirdi.
 
Azərbaycanla bağlı həmməruzəçilərin hazırladığı məruzə oktyabrın 9-dan 13-nə kimi çəkəcək AŞPA-nın payız sessiyasında müzakirə olunmalıdır.
 
Həmməruzəçilərin bu səfərində də əsas müzakirə mövzusu həmin məruzə olub.
 
Azərbaycan 2001-ci ildən Avropa Şurasının üzvüdür. Bu quruma üzv olarkən Azərbaycan insan haqları, azad seçkilər, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və daha bir çox məsələlərlə bağlı üzərinə öhdəliklər götürüb. Azərbaycan hələ də qurumun monitorinqi altındadır.