Asan adlı çətin xidmət

Asan adlı çətin xidmət

İstifadə etdiyim asan imzanın müddəti 1 yanvar 2021-ci ildə bitib. Həmin gün “Azercell”ə elektron ödəniş eləmişəm ki, sertifikatın müddəti daha 3 il uzadılsın. Lakin dayandırılan imzam aktivləşməyib. SMS gəlib ki, 1847 nömrəsi ilə əlaqə saxla. 1 yanvarda zəng eləmişəm, avtomat operator 4 gün qeyri-iş günü olduğundan yalnız 5 yanvarda cavab verəcəyini deyib.

Paralel olaraq info@asanimza.az ünvanına məktub yazmışam. Eyni yanaşma – qeyri-iş günü olduğundan 5 gün ərzində həmin məktuba cavab gəlməyib.

Yanvarın 5-də 1847-yə yenidən zəng vurub deyirəm ki, elektron ödəniş eləmişəm, nəyə görə asan imzanı aktivləşdirmirsiz?

Operator qayıdır ki, şəxsiyyət vəsiqəsi ilə “ASAN xidmət”ə və ya müvafiq vergi xidmətinə yaxınlaşmalısız.

Deyirəm ki, elektron ödəniş eləmişəm, bu sertifikat 3 il istifadəmdə olub, mənim heç bir biometrik informasiyam dəyişməyib, olmazmı sertifikatı elektron qaydada aktivləşdirəsiniz, gəlməyim, axı Nazirlər Kabineti pandemiya ilə mübarizədə “evdə qal” deyir, evdən SMS yazıb çıxırıq. Operator təsdiqləyir ki, haqlısız, amma sistem belə işləyir.

Əslində bu yanaşma asan sistemin işləməməsidir.

Telefonu yerə qoyub “ASAN xidmət”də onlayn növbə tutmaq istəyirəm.

Sistemə girirəm. 6-7-8 yanvara növbə verilmir, doludur. 9-10 yanvarda “ASAN xidmət” işləmir. 11 yanvarda da növbə doludur. Sonrasına baxmıram.

Bəli, sistem tıxanıb. Bir xırda işi görməyə, ödəniş etdiyim və 3 il istifadəmdə olmuş xidməti daha 3 il uzatmaq üçün bir imza atmalıyam. Buna nə ehtiyac? Ölkədə biometrik informasiya qanunu var. Biometrik informasiyalar təqvim ili bitəndə qüvvədən düşmür, ömür boyu bizimlədir. Sertifikatın aktivləşdirilməsi niyə onlayn mümkün olmamalıdır?

Bəhs etdiyim asan xidmətdir. Bir də bunun çətin xidmətləri var…

Ələsgər Məmmədli

Facebook