“Arqument.az”a yenə kibermüdaxilənin olduğu deyilir

"Arqument.az” saytının feysbuk səhifəsi şikayət olunub.
 
Bu barədə saytın redaktoru Şəmşad Ağa avqustun 6-da öz feysbuk səhifəsində məlumat verib: ""Arqument"in səhifəsini şikayət ediblər. Heç bir linkimizi paylaşmaq olmur. "Facebook"dan bildiriş gəlir ki, bu link standartlarımıza uyğun deyil. Səhifədə sayt üzərindən əvvəlki paylaşımlarımız da görümür”.
 
Redakorun sözlərinə görə, saytın adı feysbukun "arzuolunmaz" siyahısına salınıb və paylaşımlar hələlik tvitter üzərindən olacaq.
 
Baş redakor şikayətin hakimiyyətin trolları və haker qrupları tərəfindən edildiyini düşünür.  
 
O qeyd edib ki, bununla bağlı feysbuka da müraciət edilib: "Xaricdəki dostların dəstəyi ilə bu gün problemin bir qismi həll olunub. Artıq səhifədə görünməyən yazılar bərpa olunub. Yəqin ki, gün ərzində problem həllini tapacaq”.
 
"Arqument.az” saytı bu il aprelin 8-də də Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən qeyri rəsmi bloklanıb. 
 
3 gün sonra sayt üzərindəki blok qeyri-rəsmi olaraq götürülüb. 
 
Sayt redaktorunun ilkin şübhələrinə görə həmin bloklanma Cəlilabadda kartof və soğana yüksək ixrac rüsumunun tətbiqi ilə əlaqədar fermerlərin etiraz aksiyası haqda materialların dərci ilə bağlı olmuşdu.