EURO : 1,8841 TRY : 0,2955 USD : 1,7 RUB : 0,0266
Arif Hacılı saxta mühacir biznesi ilə bağlı mətbuat konfransı keçirdi - Fotolar

Arif Hacılı saxta mühacir biznesi ilə bağlı mətbuat konfransı keçirdi - Fotolar

Müsavat Partiyasının başqanı Arif Hacılı Almaniyada mühacir biznesi ilə bağlı həbslər, Müsavat AKM-in bir neçə üzvünün saxlanılması, bu hadisələrdə partiyanın adının hallanması, ittihamlar səslənməsi ilə bağlı mətbuat konfransı keçirir.

 

Rakurs.tv xəbər verir ki, A.Hacılı mühacir mövzusunda Müsavata və bir sıra partiyalara qarşı kampaniya aparıldığını vurğuladı: “Bir müddət əvvəl Respublika Prokurorluğu istintaq işi başlayıb. Müsavat və AXCP istintaqa cəlb olunub. Bu işlə əlaqədar mən, İsa Qəmbər, Gülağa Aslanlı, Əli Kərimli, Gözəl Bayramlının da bu istintaqda iştirak etdiyini xatırlayıram. Müsavata qarşı iddialara bağlı bir neçə məhkəmələr də keçirilib. Bu məhkəmələrdə iddiaların yalan olduğu sübuta yetirilib. Lakin son günlər bəzi mətbuat orqanları, xüsusən “Yeni Müsavat” qəzeti sifarişlə Müsavata qarşı kampaniya aparır. Deməliyəm ki, yalnız Həqiqət Oğuz xəstə olduğu dövrdə Avropaya getməsini tövsiyə etmişik, başqa bir nəfərə də Müsavat Partiyası Azərbaycandan getməyi tövsiyə etməyib. Amma təzyiqlə üzləşən müsavatçıların partiya üzvü olmaları barədə sənəd vermişik. Onların sayı çox deyil, 200 nəfər olar. Azərbaycanda təzyiqə məruz qalmayan müxalifətçi yoxdur”.

 

A.Hacılı bildirdi ki, Müsavat Partiyası təzyiqlə üzləşən üzvlərinin arayış alması üçün bir neçə mexanizm müəyyənləşdirib: “Bu sənədlər rayon təşkilatlarına verilir, sonra təşkilat departamenti yoxlayır, ardınca icra aparatı dəqiqləşdirdikdən sonra sənədin verilməsi ilə əlaqədar qərar qəbul edir. Bu mexanizm bir qədər sonra daha da mürəkkəbləşdirildi. Müsavat üzvü xaricə gedibsə, ona sənəd verilmir. Həmin ölkənin miqrasiya idarəsi Müsavata rəsmi sorğu göndərirsə, o halda baxılır və cavab verilir. Eyni zamanda Müsavatın Məclisi qərar qəbul edib ki, partiyanın 2 il üzvü olmayan birinə arayış verilməsin. Xaricdə yaşayan azərbaycanlıların Müsavata üzvlüyü mümkündür. Amma xaricdə yaşayan azərbaycanlıların qəbulu üçün zəmanət tələb olunur, tanınmış olmalıdır, yalnız partiyanın Divanı qəbul edə bilər. Yəni, belə ağır prosedur qoyulub”.

Müsavat başqanı Almaniyanın “Şpigel” qəzetinin yazdıqlarına toxundu: “Qəzet yazıb ki, Almaniyanın bir sıra şəhərlərində reyd keçirilib. Ümumilikdə 38 nəfər həbs olunub. İkisi azərbaycanlıdır. Birinin 49 yaşı var, birinin 57 yaşı var. Sonda dəqiqləşdi ki, həbs edilənlərdən biri Əlövsət Əliyevdir. Onun da Müsavatla əlaqəsi yoxdur. Saxlanılmış digər şəxs Müsavat AKM üzvü Mehdi Xəlilbəylidir. Hazırda istintaq gedir. Mehdi Xəlilbəylinin həbsi Əlövsət Əliyevin həbsi ilə eyni deyil. Vaxtilə sürücüsü olmuş Rəşad Məmmədovun şikayəti əsasında həyata keçirilib. Bu cinayət təqibini həyata keçirmək üçün Rəşad Məmmədovun əsasları göstərilib. Müsavat AKM-in bu məsələlərə aidiyyatı yoxdur. Almaniya məhkəmələrinin ədalətli qərar qəbul edəcəyinə inanırıq”.

 

A.Hacılı özünə ittihamlardan da danışdı: “Guya Vasif Talıbova məxsus “Sirab” şirkəti ilə şərikəm. Mehdi Xəlilbəylinin eyniadlı şirkəti var və su satan deyil, yükdaşıyan firmadır. Adı da fərqlidir, əvvəlində “Sirab” yazılıb, axırında başqa sözlər qeyd olunub. Bu məsələ absurd və inanılmaz böhtandır. Guya Almaniyda mənim otellərim, mənzillərim var. Bunlar hamısı yalandlr. Kim bu iddianı sübut etsə, onlara bağışlayacam. Mehdi Xəlilbəyli ilə tanışam, amma yaxınlığımız yoxdur. İlham Həsəni yaxşı tanıyıram və icarəyə götürülmüş evdə qalır. Digər saxlanan şəxs Elçin Əkbərovdur. Müsavat heç kəsə dəstək arayışı verməyib. O, 9 və 14 saylı cəzaçəkmə müəssisələrinin rəisi olub. İndi deyirlər ki, Arif Hacılı 14 saylı cəzaçəkmə müəssisəsində olub. Ona qalsa mən bir çox həbsxanalarda olmuşam. Bu adam hakimiyyətə yaxındır, bizneslə məşğuldur”.

 

A.Hacılı bildirdi ki, ittihamlar doğru olarsa Müsavat üzvü cəzalandırılacaq: “Əgər yalandırsa, məhkəmələrə müraciət edəcəyik, həmin mətbuat orqanları təkzib verəcəklər”.

 

Fotolar: musavat.com

Facebook