Aprel şəhidinin arzusu yerinə yetdi, oğlu universitetə daxil oldu - Video

Ötən ilin aprel döyüşləri Azərbaycan Ordusunun hansı gücə malik olduğunu, düşmənin bu ordu qarşısında acizliyini bütün dünyaya çatdırdı.

İnterAz xəbər verir ki, həmin döyüşlərdə qəhrəman oğullarımız öz canlarından keçməyə hazır olduqlarını, amma vətənin bir qarış torpağını belə düşmənə verməyəcəyini bir daha nümayiş etdirdi. Onlar şəhidlik məqamına ucalmaqla yanaşı özlərindən sonra vətənə, xalqa xeyirli, saleh övladlar qoyub getdilər. Elə Raqub Orucov kimi. Belə ki, murov qartalının oğlu Aqşin Orucov builki dövlət imtahanından uğurla keçərək universitetə daxil olub. Süjetimizin qəhrəmanı İnterAz-a açıqlamasında bunu özünə borc bildiyini deyib. Çünki atasının ən böyük arzusunu reallaşdırıb.

Müsahib onu tələbəliyə hazırlayan bir müəllimin təmannasız bu işi öhdəsinə götürdüyündən söz açıb.

Aqşin gələcək planların da danışıb. O, bildirib ki, həyatda daim yüksək nəticələr əldə etmək üçün çalışır.

Qeyd edək ki, Polkovnik-leytenant Raqub İbrahimoğlu Orucov 1972-ci ildə Ağdamın Cinli kəndində anadan olub. Ötən il aprelin 4-də Talış kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. O, aprelin 5-də Sumqayıtda böyük hörmət və ehtiramla Şəhidlər Xiyabanında dəfn olunub.