Appelyasiya Məhkəməsi jurnalistin şikayətini təmin etmədi

İyunun 29-da Bakı Appelyasiya Məhkəməsində Kanal13 internet televiziyasının direktoru Əziz Orucovun appelyasiya şikayətinə baxılıb.

Rakurs TV-nin məlumatına görə, şikayət Əziz Orucovun barəsində seçilmiş həbs cəzasının ev dustaqlığı və ya girovla əvəz edilməməsinə dair verilən qərardan olub. Qərarı iyunun 15-də Nəsimi Rayon Məhkəməsi vermişdi.

Məhkəmə iddiaçı tərəfin şikayətini təmin etməyib.

Əziz Orucovun hüquqlarını müdafiə edən Cavad Cavadov artıq bütün daxili hüquqi müdafiə tədbirlərinin tükədildiyini, yaxın zamanlarda Avropa Məhkəməsinə şikayət göndərəcəklərini bildirib.

XATIRLATMA

“Kanal 13” TV-nin Bakı bürosunun rəhbəri Əziz Qaraşoğluna (Orucov) mayın 2-də Nəsimi rayon Məhkəməsinin qərarı ilə 30 sutka inzibatı həbs cəzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisə müqavimət) maddəsi ilə ittiham edilib.

Ə.Qaraşoğlunun inzibati cəzası başa çatan gün - iyunun 1-də ona qarşı cinayət ittihamı irəli sürülüb. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Ə.Qaraşoğlu barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq) və 308-ci (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Cinayət işi Ə.Qaraşoğlunun təsisçisi olduğu Qafqaz Media Təhqiqatları İctimai Birliyi və “Kanal 13” ilə bağlıdır.

Nəsimi rayon Məhkəməsi Ə.Qaraşoğlu barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib.