Apellyasiya məhkəməsi sabiq gömrük əməkdaşlarının cəzasını azaltdı

Bakı Apellyasiya Məhkəməsində Heydər Əliyev adına Beynəlxalq Hava Limanından qanunsuz yolla qızıl-zinət əşyaları keçirməkdə təqsirləndirilən Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Neman Abbasov, Adil Kazımov və Muxtar Qasımovun barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, təqsirləndirilən şəxslərin barəsində çıxarılan hökm dəyişdirilib. Belə ki, N.Abbasovun 9 il müddətinə azadlıqdan məhrumetmə cəzası 4 ilə, A.Kazımovla M.Qasımovun isə 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəcası 3 il 6 aya endirilib.

İttihama görə, DGK-nın inspektoru Neman Abbasov qabaqcadan bir qrup şəxslə əlbir olaraq ümumi dəyəri 285 min 585 manat olan qızıl-zinət əşyalarını 17 aprel 2016-cı ildə qanunsuz yolla Hava Limanından keçirməyə cəhd edib. Belə ki, Neman Abbasov qızıl alverçisi Ziyafət Qurbanovadan qızılları təyyarəyə keçirmək üçün 2200 dollar rüşvət alıb. N.Abbasov digərləri ilə əlbir olaraq qızılları qanunsuz yolla hava limanı binasından keçirərək ayaqyolunda Türkmənistan vətəndaşına vermək istəyib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 312 (rüşvət vermə) və 206 (qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən şəxslərdən Neman Abbasov və Türkmənistan vətəndaşı Amanmuhammed Bayliyev barəsidnə həbs qətimkan tədbiri, digər təqsirləndirilən barəsində isə ev dustaqlığı qətimkan tədbiri seçilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Baylyyevə 1 il sınaq müddəti olmaqla 6 il şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb. N.Abbasov 9 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan digər şəxslər - A.Kazımov və M.Qasımov isə məhkəmə zalında həbs ediliblər. Onların hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar. A.Tağıyevaya və Z.Qurbanovaya 6 il şərti cəza verilib.

Birinci instansiya məhkəməsinin hökmündən narazı qalan N.Abbasov, A.Kazımov və M.Qasımov apellyasiya şikayəti veriblər.