EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Anar Hüseynov: Supermarketlərdə heç bir qıtlıq müşahidə olunmur

Anar Hüseynov: Supermarketlərdə heç bir qıtlıq müşahidə olunmur

"Azərbaycanda ərzaq qıtlığının yaşanması üçün heç bir obyektiv əsas yoxdur. Ötən il kənd təsərrüfatında çox yüksək nəticələr qeydə alınıb. Aqrar sektorda məhsuldarlıq göstəriciləri artıb. Bu, o deməkdir ki, ölkənin kənd təsərrüfatı məhsulları ilə təmin olunması imkanları da yüksəlib".

Bu fikirləri Kənd Təsərrüfatı Nazirliyinin “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin direktoru Anar Hüseynov AZƏRTAC-a müsahibəsində bildirib.

O deyib ki, bu il üçün ola biləcək narahatlıqlara gəldikdə isə qeyd etmək istəyirəm ki, ölkədə payızlıq əkinlər oktyabr-noyabr ayında həyata keçirilib, taxıl biçininə mayın sonun, iyunun əvvəllərində start veriləcək. Aprelin 10-dan isə yazlıq əkinlərə başlanacaq. Yazlıq əkinlər üçün tələb olunan toxum, gübrə, pestisid, şitil ehtiyatları yanvar ayında formalaşdırılıb. Ehtiyatların həcmi yazlıq əkinlərlə bağlı yaranan tələbatı artıqlaması ilə ödəməyə imkan verir. Eyni zamanda, aprelin sonlarında faraş tərəvəz məhsullarının yığılmasına başlanacaq.

Onun sözlərinə görə, əkin sahələrində keçirilən monitorinqlər məhsduldarlığın yüksək olacağını göstərir. Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul etdiyi qərarlara əsasən, respublika ərazisində kənd təsərrüfatı və ərzaq məhsullarının orta və ağır tonnajlı yük maşınları ilə daşınmasına məhdudiyyət qoyulmayıb. Ötən dövr ərzində apardığımız müşahidələr göstərir ki, paytaxt və böyük şəhərlərə kənd təsərrüfatı məhsullarının gətirilməsində problem yoxdur. Karantin rejimi dövründə fəaliyyətinə icazə verilən supermarketlər və digər ərzaq satışı məntəqələrində heç bir qıtlıq müşahidə olunmur, kənd təsərrüfatı məhsullarının çeşidi və keyfiyyəti əvvəlki səviyyədədir.

Facebook