"Amerika hətta PKK terror təşkilatını qoruyan bir ölkə səviyyəsinə düşüb" - Ərdoğan

"ABŞ-da mühafizəçilərimə qarşı cinayət işi açılması bir skandaldır. Bu həm də Amerikada ədalət sisteminin necə çalışdığının çox açıq göstəricisidir. BMT Baş Assambleyasına gələn qonaqları ABŞ-ın təhlükəsizlik orqanları qorumalıdır. ABŞ üzərinə düşən bu məsuliyyəti yerinə yetirmirsə, orada bizə hücum edən PKK terror təşkilatı mənsublarına qarşı mənim mühafizəçilərim öz vəzifəsini yerinə yetirməyəcəkmi? Onlar da təbii ki, bu hücumlar qarşısında öz vəzifələrini yerinə yetirdilər”. Modern.az xəbər verir ki, bunu İstanbulda bayram namazından sonra jurnalistlərin suallarını cavablandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-da mühafizəçilərinə qarşı cinayət işi açılmasına münasibət bildirərkən deyib.

Türkiyə prezidenti cinayət işinin açılmasında Obama dövründə təyin olunan prokuroru ittiham edib: "Belə bir ittihamnamə hazırlaması bizi maraqlandırmır. Bundan sonrakı səfərimizdə orada fürsət olarsa, hörmətli Trampla ayrıca görüşəcəyik. Hazırda Xarici İşlər və Ədliyyə nazirliklərimiz lazımi danışıqları davam etdirirlər. Lakin Amerikadakı bu hadisələr yaxşı deyil. Amerika hələ də FETÖ rəhbərinin qorunduğu bir ölkədir. Amerika hətta PKK terror təşkilatını qoruyan bir ölkə səviyyəsinə düşüb. Mən Amerikanın nə etmək istədiyini anlamaqda çətinlik çəkirəm”.

R.T Ərdoğan islam dünyasının bayrama kədərli daxil olduğunu bildirib: “Bir tərəfdə Suriya və İraqdakı silahlı toqquşmalar, digər tərəfdə Arakanda baş verənlər bizi kədərə qərq edir. Həmçinin, ölkəmizdə terrora qarşı mübarizəmiz, bunların hamısı istər-istəməz bayramı nayram kimi qarşılamağımıza mane olur”.