AMEA-nın işçisi: "Cәnab prezident, siz açıq dialoqdan hәmişә qaçmısınız"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əməkdaşı Yasəmən Qaraqoyunlu Azərbaycan prezidentinə 13 səhfəlik açıq məktubla müraciət edib. Məktubda prezidentin apardığı sosial siyasətin iflasa uğradığı, ölkədə ağır sosial durumun yarandığı bildirilir.

"Cənab prezident. Sizinlə ikilikdə görüşmək qismətim olmayıb. AMEA-ya dəfələrlə gəlmisiniz, xüsusi seçilmiş adamlarla qapalı, gizli görüşmüsünüz. Siz bizimlə, öz vətəndaşlarınızla, işçilərinizlə görüşməkdən, açıq dialoqdan həmişə qaçmısınız. Çünki siz, əminəm ki, sosial problemlər içində çırpınan vətəndaşlarınızın gözünün içinə baxmağı bacarmayacaqdınız", - o yazır.

Y.Qaraqoyunlu ölkə prezidentinin bu günlərdə bir qrup jurnalistə ev bağışladığına diqqəti çəkir. Onun fikrincə, ölkədə aparılan sosial siyasət iflasa uğrayıb və çoxsaylı insanlar əmək haqları ilə mənzil ala bilmir.

"Jurnalistlərə ev bağışlamağınız birmənalı qarşılanmadı, müzakirələrə yol açdı. Bu müzakirələr əslində son 25 ildə ölkədə insanların sosial durumunun necə ağır olduğunu, üst-üstə qalaqlandığını, çoxunun evsiz-eşiksiz olduğunu bir daha gözlər önünə sərdi. Əminəm ki, siz də bu mənzərəni müşahidə etdiniz. Bəs heç düşündünüzmü ki, bütün bu vəziyyətin, bu sosial gərginliklərin əsasında sizin ədalətsiz sosial-iqtisadi siyasətiniz dayanır", -akademiya əməkdaşı prezidentin diqqətinə çatdırır.

Alim bildirir ki, ölkə prezidentinin siyasəti cəmiyyəti "biz və onlar" kateqoriyasına bölərək idarə etmək prinsipinə əsaslanır.

"YAP üzvü olan şəxslərin bütün sosial-iqtisadi haqları və təminatları qorunur. Ölkənin bütün sərvətləri sizin, ailənizin və çevrənizin əlində toplanır, sizə yaxın ola bilməyən bizlər isə ikinci dərəcəli insanlar, qullar kimi sürünürük. Prezident ölkəni "biz və onlar" prinsipi üzrə idarə etməməlidir, prezident dinindən, dilindən, cinsindən, irqindən, siyasi mövqeyindən, düşərgəsindən, dünyagörüşündən asılı olmayaraq, hamının, bütün vətəndaşların prezidentidir. Prezident yalnız YAP üzvlərinin yox, bütün Azərbaycan vətəndaşlarının yaxşı yaşamasına, qorunmasına, inkişaf etməsinə cavabdeh şəxsdir və ölkə sərvətləri, gəlirlər ədalətli, bərabər bölünməlidir".

Y.Qaraqoyunlu bildirir ki, akademiya əməkdaşları aylıq 200-300 manat aylıq əməkhaqqı alır. O, alimlərin ağır sosial durumuna nümunələr göstərir, bəzi alimlərin maaşlarının hətta yol puluna bəs etmədiyini yazır.

"AMEA-da çalışan insanlar necə yaşayır? Bax, bu mənzərəni canlandırmq istəyirəm. Alimlər birliyinin konfransında adını bilmədiyim bir alim fəryadla "bizi öldürdülər, bizi acından öldürürlər" dedi. AMEA-da bir gün dostlar arasında üzüntülü bir xəbər dolaşdı. Alim Dilavər Əzimli səhər tezdən avtobusla Bakı Dövlət Universitetinə dərsə gedirmiş. Düşərkən avtobus pulunu verməyə 20 qəpiyi olmur. Sürücü arxadan onu çağırır, söyür, təhqir edir. D.Əzimlini tanıyan bir tələbəsi "onu niyə söyürsən, o müəllimdir" deyir. Sürücü "müəllimə bax, 20 qəpiyi yoxdur" deyə gülür, təhqirlər və söyüşlər yağdırır.

Alim həyat yoldaşının da elm adamı olduğunu bildirir.

"Mənim ailəm 25 ildir kirayələrdə yaşayır. Əməkhaqqımız kirayə pulunu, uşaqlarımızın dolanışığını təmin etmir. Qarşımda dağ kimi yüksələn, ömrümdə əzaba, yükə çevrilmiş bu kitablara, onları kirayə qaldığım evlərə daşımağa necə də nifrət edirəm. Ancaq mən, həm də bu kitablarımı sevirəm axı, onlara bağlanmışam, onları itirmək mənim faciəmdir", - alim yazır.

O, prezidentə xatırladır ki, bu, AMEA-da çalışanların əksəriyyətinin, ölkə vətəndaşlarının 90%-nin yaşam tərzidir və onlara bu sosial güzəranı, bu sizif aqibətini onun "uğurlu siyasəti" bəxş edib: "Bizim yaşayışımız sizin siyasətinizin güzgüsüdür".

Alimin fikrincə, hazırki hakimiyyət qədər ədalətsiz, hökümət qədər səriştəsiz, hakimlər və məhkəmələr qədər yalançı, alimlər qədər biliksiz, qorxaq və yaltaq, məmurlar qədər dövlətin, millətin sərvətlərini talayan, oğurlayan məmurlar təbəqəsinin olmasına Azərbaycan tarixi şahidlik edir.

"Tarix təyin etdiyiniz soyğunçu məmurlarınızın talançılığını sizin rəhbərlik etdiyiniz hökümətin adına yazacaq. Sizin də hakimiyyətin tarixi yazılacaq, tarix sizə də, neft milyonlarına sahib bir ölkənin ac insanlarına da doğru-dürüst qiymət verəcək. Bunu ki bilirsiniz. Bəs niyə dəyişmirsiniz? Fironları ya daxili güc yenər ya da xarici güc. Lakin bütün yenilmələr daxildən başlayar, bütün imperiyalar daxildən çökər. Azərbaycanı daxildən çökdürə biləcək iki faktor var. Aclar, yoxsullar təbəqəsi və ölmüş umudlar. Başa düşmürəm, bax, bu ac təbəqəni niyə öz əllərinizlə yetişdirirsiniz?", o sual edir.

Y.Qaraqoyunlu alimlərin cəmiyyətdə nüfuzundan danışarkən ölkədə alim nüfuzunun qalmadığını diqqətə çatdırır.

"Son illərdə AMEA-da formalaşmış yaltaqlıq, məddahlıq yerinə təkliflər, cəsarətli tənqidlər, dövlətin və cəmiyyətin problemlərinin həllində aktiv iştirak etmək təşəbbüsləri edən kadrlar yetişdirmək, dövləti, cəmiyyəti daha da inkişaf etdirmək gərəkirdi və düşünürəm ki, AMEA rəhbərliyində məhz bunu bacaran insanlar təmsil olunmalıdır. Niyə, niyə bütün sahələrdə bütün təşəbbüslər və vicdanlar susdurulur. Sizin hakimiyyətinizdən sonra hakimiyyət kimə keçməlidir, sizdən sonra ölkəni, dövləti kimlər idarə etməlidir, hansı elita ilə, hansı elmi-strateji institutla, hansı proqramla idarəetmə həyata keçiriləcəkdir? Bax, bunların formalaşmasını təmin edəcək kadrların yetişdirilməsinin qarşısı alınmaqdadır, cənab prezident. Məgər tarix sizinləmi bitir, sizinləmi sona çatır, cənab prezident?", -o qeyd edir.

Alim yazır ki, ölkədə problemləri cəmiyyətin diqqətinə çatdıran, tənqidi çıxışlar edənlər yoxdur, amma "xalqının taleyinə biganə olan, öz başının, qarnının hayına qalan, adının qarşısında böyük titulları olan nə qədər xalq yazıçıları, xalq şairləri, akademiklər, professorlar var".

"Refleksləri ölmüş cəmiyyət təhlükəli cəmiyyət deyilmi? Gerçəkdənmi hamı eyni cür düşünür, gerçəkdənmi fərqli düşüncələr yoxdur, gerçəkdənmi hər şey öldürülüb? Gerçəkdənmi Heydər Əliyev qarşısında hamı, bütün cəsarətlər öldü? Azadlıq fərqli düşüncələrin sahib olduğu cəmiyyətlərdə mövcuddur, siz ki bunları bilirsiniz. Refleksləri öldürülmüş bir cəmiyyətdə prezident olmaq qəhrəmanlıqdırmı sizcə? Ölü bir cəmiyyətin prezidenti olmağı necə qəbul edə bilirsiniz?"

Alim prezidentə suallarını davam etdirir.

"Həqiqi alim həqiqi vətəndaş olur, yaşadığı cəmiyyətdəki rəzalətləri söküb atmağa, dəyişməyə can atır. Varmı belələri bizdə? Niyə sizin siyasi sisteminiz azad, ləyaqətli, təşəbbüskar, innovasiyalara açıq, siyasətdə və cəmiyyət həyatında aktiv iştirak edən insan, vətəndaş yetişdirmir? Əksinə, belə insanları cəzalandırır, sürünən, dözən əzabkeşlər yetişdirir. Mən hər zülmə dözən əzabkeşlərə necə də nifrət edirəm", - elmi işçi fəryad edir.

Onun təhlillərinə görə, son dövrlər ölkədə üç təbəqə formalaşıb.

"Refleksi öldürülmüş aclar və yoxsullar təbəqəsi. Böyük titullar daşıyan lal, kar, kor, biganə, təcrid olunmuş yazarlar, alimlər təbəqəsi. Dövlət malını, milli sərvətləri talayaraq aşırı dərəcədə varlanmış, öz xalqının, ölkəsinin gələcəyinə, taleyinə biganələşmiş meritokratiya təbəqəsi, öz pullarını milli problemlərə deyil, əyləncəyə xərcləyən bir təbəqə. Biz isə AMEA-da kitablarımızı çap etməyə, məqalələrimizi xaricdə yayınlamağa pul tapmırıq".

Alim müraciətində çoxsaylı dövlət proqramlarına istinad edir və bu proqramların yerinə yetirilmədiyini prezidentin diqqətinə çatdırır.

"Mənim dəyərlərim müsavatçılıqdır, liderim M.Ə.Rəsulzadədir. Siz isə müsavatçılığın əsas prinsipi olan sosial dövlət ideyasını tətbiq etməklə tarixdə və vətəndaşlarımızın xatirələrində müsbət obraz kimi qala bilərsiniz. "Sosial dövlət" ideyası sərvətlərin və gəlirlərin bütün vətəndaşlar arasında bərabər ədalətli bölgüsünə əsaslanır və hakimiyyəti qəsb etmiş bir zümrənin dövlət malını, xalqın malını talamaqdan, mənimsəməkdən qətiyyətlə imtina edir. Bunu isə yalnız M.Ə.Rəsulzadə kimi dövlət, vətən, millət əxlaqına və vicdanına sahib olan liderlər bacarar, gerçəkləşdirər.

Cənab prezident. Sizin prezidentliyiniz dövründə "insan xoşbəxtliyi" yoxdur, əgər yoxdursa prezident olmağa dəyməz!", - alim qeyd edir.