Ə.Amaşov internet qanunu təklif edir

Azərbaycanda internet mediasının tənzimlənməsi ilə bağlı ayrıca qanun qəbul edilə bilər.
 
"İnternetin cəmiyyətə təsiri geniş və önəmlidir. Azərbaycanda bu istiqamətdə qanunlar var. Lakin internetin funksiya və vəzifələrini müəyyən edən ayrıca qanun qəbul olunmalıdır”.
 
Bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin iclasında deyib.  
 
Ə. Amaşov bildirib ki, internet medianın hüququ əsasları qanunla tənzimlənməlidir. Onun sözlərinə görə, bu, həm onların fəaliyyəti, həm də onlayn medianın maliyyələşdirilməsinə yardım edə bilər.
 
Azərbaycanda milli təhlükəsizliklə bağlı qanunun olduğunu xatıladan Ə. Amaşov qeyd edib ki, informasiya təhlükəsizliyi ilə bağlı ayrıca konsepsiya və ya qanun layihələri hazırlanmalıdır.
 
Azərbaycanda internet mediası "Kütləvi informasiya vasitələri haqqında" Qanunla tənzimlənir.
 
1999-cu ildə qəbul edilmiş həmin qanuna indiyədək 77 dəfə dəyişiklik edilib. Həmin dəyişikliklərdən bir neçəsi məhz internet mediası ilə bağlı olub. 2001-ci ildə qanunun 3-cü maddəsinə edilmiş dəyişikliklə internet kütləvi informasiya vasitələri sırasına daxil edilib.
 
Həmin maddəyə görə, kütləvi informasiya vasitələri dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya agentlikləri, internet informasiya ehtiyatı, kinoxronika proqramları və digər yayım formaları nəzərdə tutulur.