Almaniyada müsəlmanlara qarşı zorakılıq artıb

Eastnews.org-un verdiyi xəbərə görə, Almaniyada müsəlmanlara qarşı təcavüz və hücumlarda zorakılıq faktorunun artdığı bildirilib. "Neue Osnabrücker Zeitung" qəzetinin Sol Partiyanın sual əlavəsinə hökumət tərəfindən verilən cavaba əsaslandırdığı xəbərində bu ilin aprel, may və iyun aylarında müsəlmanlara qarşı təşkil olunan hücumlarda 16 nəfərin yaralandığı vurğulanıb.

Hücumların bu ilin yanvar, fevral və mart aylarındakı sayı yalnız 2 olaraq qeydə alınmışdı. Sual əlavəsinə verilən cavabda hücumların hamısının qatı sağçılar tərəfindən həyata keçirildiyi və cinayətkarlardan birinin həbs olunduğu qeyd edilib. Polis və Konstitusiyanı Qoruma Təşkilatının sənədlərinə görə, aprel, may və iyun aylarında İslami təşkilatlara və müsəlmanlara qarşı 192 ayrı cinayət törədilib. Rəsmi qurumların bu kimi zorakılıq faktlarını ilk dəfə bu ilin əvvəlindən bu yana "İslam əleyhinə" cinayətlər kimi təsnif etdiyi üçün müsəlmanları hədəfə alan zorakılıq hadisələrini daha əvvəlki illərlə müqayisə imkanı olmur. Sosial media üzərindən aparılan nifrət məzmunlu paylaşımlarla yanaşı, təhdid məktubları, hicablı qadınlara, müsəlman kişilərə hücum, mülkiyyətə zərər vermək və ev divarlarına yazılan nasist şüarları statistikaya cinayət ünsürü kimi qeyd edilir.