Almaniyada azərbaycanlı qadın pəncərədən düşərək ölüb

Qadının 8 aylıq hamilə olduğu bildirilir

Avqustun 31-də 32 yaşlı azərbaycanlı qadın Almaniyanın Berlin şəhərindəki qaçqın yataqxanasının pəncərəsindən yıxılaraq ölüb.

Bu barədə Berlində nəşr edilən edilən "Berliner Morgenpost" qəzeti məlumat yayıb.

Xəbərdə qadının 8 aylıq hamilə olduğu qeyd edilib. Bildirilir ki, o, yaşadığı yataqxana otağının pəncərəsini silərkən, 4-cü mərtəbədən yıxılıb. Hadisə yerinə dərhal təcili tibbi yardım gəlsə də, qadını və hələ dünyaya gəlməmiş körpənin həyatını xilas etmək mümkün olmayıb.

Qəzetin yazdığına görə, qadının əri və ailənin digər övladı bədbəxt hadisədən şok keçiriblər. Onlar xəstəxanaya yerləşdiriliblər.

Qadının kimliyi ilə bağlı hər hansı məlumat verilməyib. Təkcə Azərbaycandan olması qeyd edilib.

2019-cu ilin ilk altı ayı ərzində 999 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib. Məlumatı Almaniyada fəaliyyət göstərən “Leqat” İnteqrasiya Mərkəzi yayıb.

Bildirilir ki, qaçqın statusu almaq üçün Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edən 999 azərbaycanlıdan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.

“2019-cu ilin 6 ayı ərzində qaçqın statusu üçün müraciətlər üzrə 1400 qərar qəbul edilib. Onlardan 6 nəfərinin sığınacaq haqqında ərizəsi üzrə müsbət cavab, 46 nəfərə qaçqın statusu verilib”.

Mərkəz bildirir ki, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib. Onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib. 768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib.