"Aliment Fondunun yaradılması zəruridir" - Elmira Süleymanova

"Aliment Fondunun yaradılması haqqında Milli Məclisə müraciət etmişəm, bu məsələ bir neçə dəfə illik məruzəmə də daxil edilib".
 
Bu barədə APA-ya danışan Ombudsman Elmira Süleymanova bildirib. 
 
Onun sözlərinə görə, Aliment Fondunun yaradılması zəruridir: "Çünki ölkədə boşanmaların sayı kritik vəziyyət alır. Aliment Fondu Dövlət Sosial Müdafiə Fondu kimi bir fond olacaq. Boşanan insanlar məhkəmə qərarından sonra bu fonda müraciət edərək aliment pulunu ala biləcəklər. Sonra isə dövlət həmin borcludan məcburi qaydada müəyyən bir prosedurla bu vəsaiti alacaq. Ümid edirik ki, Aliment Fondunun yaradılması öz müsbət həllini tapacaq".
 
Son illər Azərbaycanda boşanma hallarının artdığı bildirilir.
 
Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2018-ci ildə Azərbaycanda 14857 boşanma baş verib. Son 10 ildə boşanma hallarının ardıcıl olaraq artdığı qeyd edilir.
 
Ölkədə son illər alimentlərin ödənilməsi ilə də bağlı problemlərin yaşandığı vurğulanır.