Ali Məhkəməyə yeni hakimləri təyin olundu - Siyahı

Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

“Report” xəbər verir ki, komitə sədri Əli Hüseynli iclasda 9 məsələyə baxılacağını qeyd edib.

İclasda Azərbaycan konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndi rəhbər tutularaq və Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınaraq hakimlərin təyinatı ilə bağlı bir sıra məsələlər müzakirə olunub.

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov bildirib ki, Ali Məhkəmə üzrə hakimlik səlahiyyətinin müddəti 2017-ci il iyunun 19-da başa çatan Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Şəlalə Ağakərim qızı Məmmədova Ali Məhkəmənin hakimi təyin ediləcək. “Məhkəmələr və hakimlər haqqında” qanunun 93-4-cü maddəsinə uyğun olaraq Tahir Lələkişi oğlu Kazımov Ali Məhkəmənin hakimi təyin olunacaq.

Qeyd olunub ki, səlahiyyət müddəti 2017-ci il iyulun 16-da başa çatan Akif Əsgər oğlu İsgəndərov və Əhməd Güləhməd oğlu Nurməmmədov həmin tarixdən Ali Məhkəmənin hakimləri təyin ediləcəklər. Həmçinin səlahiyyət müddəti 2017-ci il iyulun 28-də başa çatan Mehparə Tofiq qızı Əhmədova, İmran Teymurxan oğlu Hacıqayıbov və Rahib Sahib oğlu Nəbizadə həmin tarixdən Ali Məhkəmənin hakimləri təyin olunacaqlar.

“Məhkəmələr və hakimlər haqqında” qanunun 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Elşanə Rafiq qızı Vəliyeva Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək 2017-ci il iyulun 28-dən Ali Məhkəmənin hakimi təyin ediləcək. İlham Məmməd oğlu Cəfərov vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar 2017-ci il iyulun 28-dən Ali Məhkəmənin hakimi vəzifəsindən azad ediləcək.

Həmçinin iclasda Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya Məhkəməsi hakimlərinin təyin və azad edilməsi haqqında məsələlərə də baxılıb.

Çıxış edən Milli Məclisin deputatları - Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Azay Quliyev, Məlahət İbrahimqızı, həmçinin iclasda iştirak edən Ali Məhkəmənin hakimi Şahin Yusifov və digərləri hakimlərin təyinatını müsbət dəyərləndirib, fikir və tövsiyələrini səsləndiriblər.

Bundan başqa, deputatlar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində, “İcra haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxıblar. Qeyd olunan qanun layihələrində bir sıra texniki dəyişikliklər təklif edilir.

Müzakirə edilən məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olunub.