Ali Məhkəmə Xədicə İsmayılın şikayətini təmin etmədi

Qanunsuz həbsinə görə prokurorluqdan kompensasiya tələb edən Azadlıq Radiosunun araşdırmaçı-jurnalisti Xədicə İsmayıl hüquqi müstəvidə mübarizəni davam etdirir. Jurnalist 91 gün qanunsuz həbsdə saxlanmasına görə prokurorluqdan 29 min 30 manat (20 min mənəvi, 9030 manat maddi ziyan) tələb edir.

91 GÜN HƏBSDƏ QANUNSUZ SAXLANMASI TƏSDİQLƏNİB

İyunun 1-də Ali Məhkəmədə hakim İlqar Xələfovun sədrliyi ilə jurnalistin kassasiya şikayətinə baxılıb.

Jurnalistin vəkili Fariz Namazlı bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 1 sentyabr 2015-ci il tarixli hökmüylə X.İsmayılın 91 gün ərzində həbsdə qanunsuz saxlanıldığı təsdiqlənib:

«Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Bakı şəhər Prokurorluğunda CM-nin 125-ci maddəsi ilə təqsirləndirilərək, Səbail rayon Məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib. O, 2015-ci il fevralın 13-nə qədər yalnız bu maddə ilə həbsdə saxlanılıb. Fevralın 13-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanmış cinayət işi üzrə ona daha dörd maddə (qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifədən sui-istifadə, mənimsəmə) ilə ittiham verilib. Ardınca da hər iki cinayət işi birləşdirilib. 2015-ci il martın 6-da Xədicə İsmayıla verilmiş yeni ittihamlarla əlaqədar həbs-qətimkan tədbirinin müddəti uzadılıb. Yəni, jurnalist dekabrın 5-dən martın 6-na qədər yalnız bir ittihamla (125-ci maddə) həbsdə saxlanılıb. Sonradan Bakı Ağır Cinayətlər Məhkəməsi Xədicə İsmayıla 125-ci maddə üzrə bəraət verib. Bakı Apellyasiya Məhkəməsi və Ali Məhkəmə də bəraəti qüvvədə saxlayıb».

"PUL KOMPENSASİYASI ALMAQ HÜQUQU VAR"

Vəkil deyir ki, jurnalistin 91 gün həbsdə saxlanmasına səbəb olan ittiham üzrə ona bəraət verilibsə, bu qanunsuz həbsə görə kompensasiya da ödənilməlidir.

"Xədicə İsmayıl ona hüquqi yardımın göstərilməsi ilə əlaqədar ödədiyi məbləğlər, həbsdə olduğu müddətdə işləyə bilmədiyi üçün əldən çıxmış gəliri, həbsdə olduğu müddətdə çəkilmiş digər xərclər, eləcə də ona dəymiş maddi və mənəvi zərərə görə pul kompensasiyası almaq hüququna malikdir", – F.Namazlı bildirib.

Jurnalistin iddiası əsasında Maliyyə Nazirliyi də üçüncü tərəf qismində prosesə cəlb olunub.

İlqar Xələfovun sədrlik etdiyi hakimlər kollegiyası qısa müşavirədən sonra jurnalistin kassasiya şikayətinin təmin olunmadığını elan edib.

F.Namazlı Azadlıq Radiosuna bildirib ki, qərardan Avropa Məhkəməsinə şikayət göndəriləcək. (azadliq.org)