Aleksey Arestoviç: “Şuşanın işğaldan azad edilməsi əməliyyatı hərb tarixi kitablarına salınacaq”

Aleksey Arestoviç: “Şuşanın işğaldan azad edilməsi əməliyyatı hərb tarixi kitablarına salınacaq”

"Şuşanın alınması müharibənin əsas anıdır. İkinci Qarabağ müharibəsinin Azərbaycanın tam qələbəsi ilə başa çatdığını deyə bilərik". 
 
Rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov özünün "Feysbuk" səhifəsində belə yazıb. O qeyd edib ki, Ermənistanın müharibəni dayandırmaq üçün bir şansı var. Paşinyan mühasirəyə alınmış Dağlıq Qarabağdan Ermənistan ordusunu geri çəkmək üçün əmr verərsə, o zaman hərbi əməliyyatlar dayanacaq və sülh danışıqları başlayacaq: 
"Dağlıq Qarabağdakı müharibə istənilən halda tezliklə sona çatacaq. Yaxın gələcəkdə Azərbaycanın bütün Dağlıq Qarabağ ərazisi üzərindəki suverenliyini tamamilə bərpa edəcəyi hər kəsə aydındır. Azərbaycan tam qələbənin bir addımlığındadır".
 
"Azərbaycan Qarabağın qədim paytaxtı, böyük simvolik əhəmiyyətə malik bir şəhəri - Şuşanı geri qaytardı. Ermənilər Azərbaycan ordusunun PUA-lar olmadan heç bir şey edə bilməyəcəyinə əmin idilər, ancaq azərbaycanlılar kiçik dəstələr və yüngül minaaltanlarla dağların arasından keçərək zirehli texnikayla qorunan şəhəri alıb” - ukraynalı hərbi ekspert Aleksey Arestoviç "Feysbuk" səhifəsində belə yazıb. 
 
A.Arestoviç Azərbaycan ordusunun hərb tarixi kitablarına salınacaq parlaq bir əməliyyat həyata keçirdiyini vurğulayıb. 
 
"Avropa İttifaqı və ABŞ Şuşanın azad olunması münasibətilə Azərbaycan hökumətini təbrik etməlidir" -  amerikalı politoloq, beynəlxalq münasibətlər üzrə mütəxəssis Peter Teys "Trend"ə müsahibəsində belə deyib: "Şuşanın azad edildiyini bildiyim üçün çox xoşbəxtəm və sevinirəm. Dağlıq Qarabağ Azərbaycandır və bu, beynəlxalq hüququn aliliyi, Azərbaycan xalqının rifahı, üçün eləcə də regional təhlükəsizlik və Avropa Birliyinin təhlükəsizlik sistemi üçün mühüm əhəmiyyət daşıyır”. 
Azərbaycanın iddiasına görə, sentyabrın 27-də Ermənistan cəbhə xəttində təxribat törədib və buna cavab olaraq Azərbaycan ordusu əks hücuma keçib.
 
Döyüşlər nəticəsində Azərbaycan ordusunun Şuşa, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, eləcə də onlarla digər kənd və yüksəkliyi işğaldan azad etdiyi bildirir. 
 
Oktyabrın 10-da və 18-də Moskvada Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında humanitar atəşkəs razılaşması imzalanıb.
 
3-cü humanitar atəşkəs razılaşması isə oktyabrın 26-da saat 08:00-da qüvvəyə minib.
 
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin Minks Qrupu çərçivəsindəki 30 oktyabr tarixli Cenevrə görüşündə tərəflər dinc əhaliyə və qeyri-mülki obyektlərə qəsdən atəş açmamaqla bağlı razılığa gəliblər.
 
Qarabağda döyüşlər hələ də davam edir.

Facebook