AİP sədrinin məhkəmə prosesi keçirildi

İyulun 10-da Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun apellyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Şikayət partiya sədrinin Qobustan həbsxanasına göndərilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixində verdiyi qərardan olub. Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesə hakim Vüqar Məmmədov sədrlik edib. 

Məhkəmədə Mövsüm Səmədovun özü də iştirak edib.

Prosesdə müdafiə tərəfinin vəkili Yalçın İmanov əlavə sübutların tələb olunması ilə bağlı vəsatət verib. Mövsüm Səmədov da vəkil Yalçın İmanovun verdiyi vəsatəti müdafiə edərək bildirib ki, apellyasiya məhkəməsi əlavə sübutları tələb etsin və iş üzrə araşdırma aparılsın. Lakin hakim bu vəsatəti təmin etməyib, məhkəmə araşdırması və əlavə sübutlar tələb edilmədən apellyasiya şikayətinə baxılmalı olduğunu bildirib. 

Növbəti proses 17 iyul saat 11:00-a təyin olunub. 

Qeyd edək ki, Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə Azərbaycan hakimiyyətinin siyasətini sərt tənqid edib. Bu hadisədən 5 gün sonra, 7 yanvar 2011-ci ildə saxlanılaraq, polisə tabesizlik maddəsi ilə 13 sutka inzibati həbsə məhkum olunub. 13 sutkalıq həbs cəzası bitəndən sonra ona qarşı qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla cinayət işi açılıb. 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb. AİP M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirib.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustan Qapalı Rejimli həbsxanasına köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Mövsüm Səmədova bir neçə dəfə "kars" cəzası veriləndən sonra həbsxana rəisi Rauf Məmmədov onun Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı təqdimat verib.