AİP sədrinin appelyasiya şikayəti təmin olunmadı

İyulun 17-də  Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. Şikayət partiya sədrinin Qobustan həbsxanasına göndərilməsi ilə bağlı Qaradağ rayon Məhkəməsinin 14 iyun 2017-ci il tarixində verdiyi qərardan olub. 

Rakurs Tv-nin mәlumatına görә, appelyasiya mәhkәmәsi qәrarı qüvvәdә saxlayıb.

Qeyd edək ki, Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə Azərbaycan hakimiyyətinin siyasətini sərt tənqid edib. Bu hadisədən 5 gün sonra, 7 yanvar 2011-ci ildə saxlanılaraq, polisə tabesizlik maddəsi ilə 13 sutka inzibati həbsə məhkum olunub. 13 sutkalıq həbs cəzası bitəndən sonra ona qarşı qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla cinayət işi açılıb. 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb. AİP M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirib.

2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustan Qapalı Rejimli həbsxanasına köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.

Mövsüm Səmədova bir neçə dəfə "kars" cəzası veriləndən sonra həbsxana rəisi Rauf Məmmədov onun Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı təqdimat verib.