AİP, qurumun lideri Mövsüm Səmədovu doğum günü münasibətilə təbrik etdi

Azərbaycan İslam Partiyası qurumun lideri Mövsüm Səmədovu doğum günü münasibətilə təbrik edib. Partiyanın Mətbuat Xidmətindən daxil olan təbrik müraciətində deyilir:

 

“Çox hörmətli və əziz qardaşımız, dəyərli ruhani və mübariz liderimiz, haqq yolunun yorulmaz, sarsılmaz bələdçisi Doktor Mövsüm Səmədov! 

 

Bu gün şərəfli ömrünüzün 55-ci ilinə qədəm qoyursunuz. Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik. Sizə Allahın gözəl nemətlərindən olan can sağlığı, xalqımız üçün xeyirli, Yaradan qarşısında təqvalı əməllərinizin xəzinəsi olan ömrünüzə bərəkət, İslam yolunda nümunə sayıla bilən ən yüksək məqama sahib olmağınızı arzulayırıq.

 

Siyasi fəaliyyətə başladığınız istər milli azadlıq hərəkatında, istərsə də 1993-cü ildən qədəm qoyduğunuz Azərbaycan İslam Partiyası sıralarında malik olduğunuz salsılmaz iradə, haqqı batildən ayıran siyasi təfəkkürünüz və qabaqgörənliyiniz, zülmün qarşısında baş əyməmək və zalım zümrənin məzlum insanlara qarşı zərərli vərdişlərini həmişə tənqid etmək kimi mətin mənəviyyata malik olmağınız bizim üçün fəxarət mənbəyidir. Ardıcıllarınız olaraq biz İslamçıların qəlbində, şüurunda yeriniz var. Həmçinin həyatınız örnək olaraq gənc vətənpərvərlər üçün haqq yolunun bələdçisidir.

 

Əməlləriniz, ictimai həyatda, siyasi səhnədə tutduğunuz düzgün mövqe insanlarda vətəndaşlıq və bəndəçilik qayəsinin tənzimlənməsində real nümunə olaraq qəbul edilir. Bunlar sadə insanlar, ləyaqətli iman sahibləri tərəfindən cəmiyyətimizin sağlam ruhu və layiqli gələcəyi, istiqlaliyyəti naminə həmişə yüksək qiymətləndirilir.

 

Bu gün xalqımızın zülmün qarşısında baş əyməyən, xalqını, Vətənini, torpağını, dinini canından əziz tutan Sizin kimi liderə, şəxsiyyətə ehtiyacı həmişəkindən böyükdür. Dünyamızın böyük ziddiyyətlər yaşadığı, cəmiyyətlərdə acı yad vərdişlərin tüğyan etdiyi bir zamanda Sizin və Sizin kimilərinin zindanlarda qalması xalqımız üçün də olduqca itkidir. Arzu edirik ki, cəmiyyətimizin mənəvi saflığının, milli-mental, dini dəyərlərinin, yeniyetmə və körpələrimizdə İmam Hüseyn (ə.s.)-ın qəhrəmanlıq geninin qorunmasına qarşı atılan hər hansı zərərli addımın qarşısının alınması öz həllini tapsın, haqqınız ədalət naminə bərpa olunsun.

 

Hörmətli Mövsüm Səmədov, 55 yaşınızı ailənizlə birlikdə keçirmək arzusu ilə Sizi partiyamız və onun bütün üzvləri adından, dostlar, iman və təqva sahibləri adından, cəmiyyətimizin bütün ibadət əhli adından bir daha təbrik edir, Sizə tutduğunuz yolun ən uca zirvəsini fəth etməyi Allahdan diləyirik.“

 

Hacı İlham Əliyev, 

Azərbaycan İslam Partiyasının sədr əvəzi

 

Faktxeber.com