AİP liderinin vəkili məhkəməyə gəlmədi, çünki...

Rakurs.tv-nin verdiyi məlumata görə, noyabrın 22 -də Ali Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədovun barəsində onun 3 il müddətinə qapalı tipli həbsxana rejiminə keçirilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 17 iyul 2017 -ci il tarixli qərarından verilən kassasiya şikayətinə əsasən məhkəmə prosesi keçirilib. Prosesdə M.Səmədovun özü və vəkili Yalçın İmanov iştirak etməyiblər. Hakim vəkil Y. İmanovun kollegiyanın qərarına əsasən Səmədovun hüquqlarını müdafiə edə bilməyəcəyini qeyd edərək yeni vəkil təyin olunmasına görə məhkəmənin 6 dekabr saat 10:00-da davam edəcəyini elan edib.
Qeyd edək ki, Mövsüm Səmədov 2 yanvar 2011-ci ildə hakimiyyətin siyasətini sərt tənqid edib. Bu hadisədən 5 gün sonra, 7 yanvar 2011-ci ildə saxlanılaraq, polisə tabesizlik maddəsi ilə 13 sutka inzibati həbsə məhkum olunub. 13 sutkalıq həbs cəzası bitəndən sonra ona qarşı qanunsuz silah saxlamaq, hakimiyyətin ələ keçirilməsi və başqa ittihamlarla cinayət işi açılıb. 12 il həbs cəzası alıb. Avropa Məhkəməsi onun işi üzrə kommunikasiyaya başlayıb. AİP M. Səmədovun həbsini onun 2 yanvar 2011-ci ildə Azərbaycan hökumətinə qarşı etdiyi çıxışı ilə əlaqələndirib.
2014-cü il oktyabrın 9-da Qaradağ Rayon Məhkəməsinin qərarı ilə M.Səmədov 12 saylı cəzaçəkmə müəssisəsindən 2 illik Qobustan Qapalı Rejimli həbsxanasına köçürülmüşdü. Şərtlərin sərtləşdirilməsi M.Səmədovun intizamı pozması ilə əsaslandırılıb. O, 2016-cı il noyabrın 28-də 12 saylı cəzaçəkmə müəssisəsinə qaytarılıb.
Mövsüm Səmədova bir neçə dəfə "kars" cəzası veriləndən sonra həbsxana rəisi Rauf Məmmədov onun Qobustan qapalı həbsxanasına köçürülməsi ilə bağlı təqdimat verib.