Ailəsi Orxan Zeynalovla bağlı müraciətə rəsmi cavab aldı

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Rusiyada azadlıqdan 17 il məhrum edilmiş  azərbaycanlı Orxan Zeynalovla bağlı müraciətə cavab verib.

Bu barədə Modern.az-a O.Zeynalovun atası Zahid Zeynalov bildirib.

Onun sözlərinə görə, nazirlik Orxan Zeynalovla bağlı müraciətə müsbət cavab verib:

“Mən oğlumun Azərbaycana ekstradisiyası üçün nazirliyə  müraciət etmişdim. Məktubuma rəsmi cavab gəlib. Məktubda “Orxan Zeynalov diqqətimizdədir və müraciətə yaxın vaxtlarda baxılacaq” yazılmışdı”.

Z.Zeynalov yaxınlarının tez-tez Orxana baş çəkdiyini bildirib:

“Əmisi, anası bu yaxınlarda yanında olub. Yaxşıdır, şikayəti yoxdur. Həm də həbsdə olan adam necə olacaq ki?..”. 

Orxan Zeynalov 2013-cü il oktyabrın 10-da Moskva ətrafındakı Biryulevo sakini Yeqor Şerbakovla aralarında yaranan mübahisə nəticəsində qətl törətməkdə ittiham olunur. O, istintaq və məhkəmə dövründə bu cinayəti törətmədiyini bəyan etsə də, istintaq və məhkəmə araşdırması zamanı onun qətli törətdiyi iddia olunub. Orxan Zeynalov Moskva şəhər Məhkəməsinin qərarı ilə qətldə günahkar bilinərək, 17 il azadlıqdan məhrum edilib.